Bakıda 45 yaşlı kişi əvvəlcə arvadına, sonra isə qızına şiddət göstərdi — TƏFƏRRÜAT

KRİMİNAL 23 oktyabr 2025, 20:18
Bakının Nizami rayonunda 1980-ci il təvəllüdlü Əsəd ailə mübahisəsi zəminində yaranan dava zamanı qızı Əfsanəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 8-də baş verib. Əsəd həmin gün saat 21:50-də qızı Əfsanənin evə gec gəldiyinə görə ona  irad bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı o, qəsdən əli ilə zərərçəkmiş şəxsin saçlarından və sağ qolundan tutaraq bərk sıxıb. Sonra onu yerə yıxaraq qəsdən əlləri ilə sağ qol və sol ayaq nahiyələrinə vurub. 

Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, iyunun 8-də, saat 21:30-da evdə olarkən qızı Əfsanənin evdə olmadığını görüb və zəng edərək onunla əlaqə saxlamaq istəyib: “Lakin Əfsanə zənglərimə cavab vermədi. Daha sonra evə gəldikdə ondan gec gəlməsinin səbəbini soruşdum, səs tonumu qaldırdım. Buna görə Əfsanə evdən çıxmaq üçün qaçdı. Qaçan zaman isə yıxıldı. Mən qızımın nə qolundan, nə də saçından tutmamışam. Əfsanə ayaq üstə olan vaxt hündürdən yıxıldı. Ekspert rəyi səhvdir, ona xəsarət yetirməmişəm. Həmçinin qızıma nalayiq ifadələr işlətməmişəm”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində özünü təqsirli bilib. Qeyd edib ki, zərərçəkmiş onun doğma qızıdır: “Qızım Əfsanənin 18 yaşı məlum hadisədən biraz əvvəl tamam olub. Buna görə də sərbəst yaşamaq istəyib. Mən atası olaraq buna imkan vermək istəməmişəm. Buna görə Əfsanə ilə aramızda hərdənbir söz mübahisələrimiz olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 8-də, saat 21:30-da yaşadıqları evdə olarkən Əfsanənin evdə olmadığını görüb: “Qızımla əlaqə saxlamaq istəsəm də, zənglərimə cavab vermədi. Mən də bundan narahat oldum və əvvəlki nikahımdan olan böyük qızım Zülfiyyə ilə əlaqə saxladım. Ondan Əfsanənin harada olması ilə maraqlandım. O, da Əfsanə ilə bir yerdə olduqlarını dedi. Bu zaman tələb etdim ki, Əfsanəni evə tez göndərsin. Mən də evdən getdim. 10-15 dəqiqə sonra evə geri qayıtdıqda Əfsanənin artıq evdə olduğunu gördüm. Otağına keçərək onu danladım ki, nəyə görə evə gec gəlir. Çünki qızıma əvvəllər də xəbərdarlıq etmişdim ki, evə gec gəlməsin, əgər gecikirsə, mütləq mənə zəng edərək desin. Qızım isə özünə haqq qazandıraraq, artıq böyüdüyünü və sərbəst yaşamaq istədiyini bildirdi. Buna görə də aramızda mübahisə oldu. Mən ona hələlik himayəmdə yaşamasını xatırlatdım. Həmin vaxt Əfsanə mətbəxdən qapı tərəfə keçərək evdən çıxmaq istədi. Mən isə onun evdən getməsini istəmədim. Buna görə də əlim ilə qızımın köynəyinin arxasından və saçlarından tutdum ki, onu saxlayım. Lakin qızım tarazlığını itirərək sağ tərəfi üstə yerə yıxıldı. Sonra arvadım Cəmilə qızıma kömək etdi. Qızım ayağa duraraq məni təhqir etdi və təcili tibbi yardım çağırdı. Həkimlər gələndə qızım tələb etdi ki, onu xəstəxanaya aparsınlar. Qızım anası ilə birlikdə xəstəxanaya getdilər. Bir az keçəndən sonra hər ikisi də geri qayıtdı. Qızımın qoluna gips sarğısı qoyulduğunu gördüm. Qızımın qoluna hansı səbəbdən gips qoyulduğunu bilməmişəm. Çünki Əfsanənin qolunda heç bir xəsarət görməmişəm. Bir gündən sonra qoluna qoyulan həmin gips sarğısını çıxardı”. 

İş üzrə zərərçəkmiş Əfsanənin sözlərinə görə, O, atası və anası ilə birlikdə yaşayır: “Atamla münasibətlərimiz soyuqdur. Ona görə ki, atam heç yerdə işləmir, narkotik maddələrdən istifadə edir, borcları çoxdur. Buna görə anam ilə birlikdə evi satmaq istəyirik. Atama da deyirik ki, evdən çıxsın. Onun harasa gedərək qalmağa yeri yoxdur, özü də heç yerdə işləmir. Bu səbəbdən aramızda tez-tez söz mübahisəmiz olur”. 

Zərərçəkmiş qeyd edib ki, iyunun 8-də, saat 21:30-da evə qayıdıb və otağına keçəndə atası onu görən kimi ona irad bildirib və danlayıb ki, evə niyə belə gec gəlir: “Mən evə gec gələndə həmişə atama zəng edərək əvvəlcədən bu barədə xəbər vermişəm. Bu dəfə də atma zəng vurdum və dedim ki, evə bir az gec gələcəm. Buna baxmayaraq atam mənimlə mübahisə etdi, məni təhqir etdi. Atamın əsəbi olduğunu gördüm və ondan qorxduğum üçün hərəkətlərindən ehtiyat edərək mətbəxdən qapı tərəfə keçdim, evdən çıxmaq istədim. Bu zaman atam bunu gördü və qəflətən saçımdan, sağ qolumdan tutaraq bərk sıxdı. Məni yerə yıxdı. Qolumun üstünə tərəf yerə yıxıldım. Bu zaman qolumun bərk ağrıdığını hiss etdim”. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 

Təqsirləndirilən şəxsin üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.

Qeyd edək ki, təqsirləndirilən şəxs bundan əvvəldə iki dəfə eyni əmələ görə mühakimə olunub. O, ilk dəfə 2023-cü ildə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə mühakimə edilib. Təqsirləndirilən şəxs həmin dövrdə arvadına xəsarət yetirdiyi üçün təqsirli bilinib və 1000 manat miqdarında cərimə olunub. Həmin dövrdə ər-arvadın arasında mübahisənin yaranmasına səbəb isə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə içki içməsi ilə bağlı etirazını bildirməsi üstündə baş verib. Bundan sonra isə o, icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə hökmlə təyin olunmuş 1000 manat məbləğində cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 19:38
Top