
Daxili İşlər Nazirliyi tərəfindən davamlı şəkildə həyata keçirilən “Silahı könüllü təhvil ver” çağırışları cəmiyyətdə bəzən sadə bir xəbər kimi görünür. Lakin bu çağırışlar əslində ictimai təhlükəsizliyin, ictimai sabitliyin və vətəndaş məsuliyyətinin qorunmasında sistemli profilaktikadır.
Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qanunsuz saxlanılan odlu silah-sursat istər evdə, istər təsərrüfatda, istərsə də tapıntı kimi saxlanılsın, fərqi yoxdur, hər zaman təhlükə mənbəyidir. Belə silah-sursatlar və partlayıcılar təsadüfən partlaya bilər, uşaqların və ya yad şəxslərin əlinə keçə bilər, bəzən cinayət məqsədilə istifadə oluna bilər.
Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan silah və sursatı könüllü təhvil verən şəxs cinayət məsuliyyətindən azad edilir. Yəni polisə müraciət edib silahı könüllü şəkildə təhvil verən şəxs barəsində cinayət işi açılmır. Bu da insanlara “təhlükəsiz çıxış yolu” təqdim edir. Bu norma qanunun cəzalandırmaqdan çox təhlükəni önləmək məqsədi daşıdığını göstərir. Başqa sözlə, dövlət “könüllü təhvil ver, azad ol” prinsipi ilə insanlara həm hüquqi, həm də mənəvi çıxış yolu təklif edir.
Polis bununla həm vətəndaş məsuliyyətini artırır, həm də ictimai asayişin qorunmasına və təhlükəsizlik mədəniyyətinin formalaşmasına xidmət edir. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4181 ədəd odlu silah aşkar olunaraq götürülüb ki, onların da 1126 avtomat, 263 tapança, 2792 isə tüfəng olub. O da vurğulanıb ki, ötən 9 ayda 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.
Bununla yanaşı, işğaldan azad olunan ərazilərdə və sərhədyanı bölgələrdə aparılan tədbirlərlə müxtəlif növ odlu silah-sursat tapılır. Bu ərazilərdə yaşayan və ya işləyən insanlar bəzən tapdıqları silahları qorxu, maraq və ya ehtiyat hissi ilə gizlədirlər. Halbuki bu, ciddi hüquqi və fiziki risk daşıyır.
Sosioloji müşahidələr göstərir ki, bəzən vətəndaşlarda belə yanlış fikir formalaşıb: “Silah evdədir, mən onsuz da istifadə etmirəm, gizlətmişəm, zərəri yoxdur.” Lakin bu, təhlükənin məhz başlanğıcıdır. Mütəxəssislərin fikrincə, ev şəraitində saxlanılan odlu silah emosional vəziyyətlərdə, ailədaxili münaqişələrdə və təsadüfi hallarda ölümcül nəticələr doğura bilər.
Psixoloqlar isə bildirirlər ki, silahın əlçatan olması ani qərarların fəlakətlə nəticələnməsinə səbəb olur. Təcrübə göstərir ki, bir çox qətl hadisələri emosiya anında baş verir və həmin anda yaxınlıqda silahın olması faciəvi nəticəyə gətirib çıxarır. Ona görə də könüllü təhvilvermə yalnız hüquqi deyil, həm də psixoloji təmizlənmə addımıdır, potensial təhlükənin uzaqlaşdırılmasıdır.
