“Ermənistan Konstitusiyasında dəyişiklik etməsə, sülh sazişi yenə yubana bilər” — Deputat

GÜNDƏM 23 oktyabr 2025, 15:46
“Ermənistan 44 günlük Vətən müharibəsində uğradığı ağır məğlubiyyətdən sonra sülh müqaviləsi bağlamalı idi.  Ona görə ki, uzun illər ərzində apardığı işğalçı siyasət ucbatından dalan dövlətinə çevrilmiş, bölgənin iqtisadi cəhətdən ən geridə qalan ölkəsi vəziyyətinə düşmüşdür”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, belə vəziyyətdən çıxmaq üçün Azərbaycana qarşı olan əsassız iddiasından əl çəkib sülhlə bağlı qərar verməliydi:

“Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin xeyli hissəsi, demək olar ki, 80 faizi razılaşdırılıb. Rəsmi İrəvanın iradə nümayiş etdirəcəyi təqdirdə, yaxın zamanda sülh sazişinin imzalanması da mümkündür. Amma məlumdur ki, bunun üçün ən böyük maneə Ermənistanın Konstitusiyasında və bir sıra digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflanmasından sonra Azərbaycan və Ermənistan sülhə daha da yaxınlaşıblar. Bu mənada Ermənistan üzərinə düşən məsuliyyəti yerinə yetirərək Azərbaycana qarşı  ərazi iddiaları olan Konstitusiyasında dəyişiklikliyi nə qədər tez  edərsə, sülh müqaviləsi o qədər tez imzalana bilər”. 

Deputat əlavə edib ki, əks təqdirdə bu məsələnin yubadılması İrəvanın qəsdən sülhə maneə törətməsi kimi anlaşılacaq:

“Eyni zamanda bu, ilk növbədə ABŞ-yə, şəxsən Prezident Donald Trampa hörmətsizlik olacaq. Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə irəlilədilən sülh prosesi Donald Trampın təşəbbüskarlığı ilə Vaşinqtonda sülh sammitində iki ölkə arasında Birgə Bəyannamənin imzalanması kimi tarixi nailiyyətlə nəticələndi. Burada əldə olunan razılaşmalar, sülh sazişinin mətninin paraflanması illərdir bölgədə  əldə edilə bilinməyən normallaşmanın, sülhün, sabitliyin başlanğıcını qoydu”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 18:34
Top