"BakuBus"un avtobusunda baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA

GÜNDƏM 23 oktyabr 2025, 18:41
Ötən gün Bakıda "BakuBus"a məxsus 3 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlə kobud davranışı ilə bağlı rəsmi açıqlama verilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin Mətbuat Xidməti sərnişinlə sürücü arasında insident yaşandığını təsdiqləyib.

Qeyd olunub ki, 22 oktyabr 2025-ci il tarixində səhər saatlarında "BakuBus" MMC-nin istismarında olan 3 nömrəli marşrut üzrə hərəkətdə olan 99-JU-240 dövlət qeydiyyat nişanlı avtobusda bir qrup sərnişinin arxa qapıdan minməyə çalışması səbəbindən sürücü ilə sərnişinlər arasında mübahisə baş verib.

"Sürücü bunun müəyyən edilmiş qaydalara uyğun olmadığını izah edərək, təlimata uyğun hərəkət edib.

Qeyd edək ki, bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 4.29.3-cü bəndinə əsaslanır. Həmin norma üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsinin orta və arxa, minməsinin isə ön qapıdan həyata keçirilməsini nəzərdə tutur.

Bu tələbin məqsədi ictimai nəqliyyatda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkili ilə bağlıdır və qayda yalnız "BakuBus" MMC-yə deyil, ölkə üzrə bütün sərnişindaşıma subyektlərinə şamil olunur.

Hadisədən sonra avtobus hərəkətini davam etdirib, lakin "Gənclik" metrostansiyası yaxınlığında texniki nasazlıq səbəbindən dayanıb. Sürücü yaranan nasazlıq barədə dərhal "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə məlumat verib və sərnişinlərin səfərini təmin etmək məqsədilə onları düşürərək eyni istiqamətdə hərəkət edən digər 3 nömrəli avtobusuna yönləndirib.

Nasaz avtobus daha sonra "Dərnəgül" NMM-ə gətirilib və burada Texniki Servis Xidməti tərəfindən texniki problem aradan qaldırılıb. Hadisənin baş verməsindən sonra "BakuBus" MMC məsələni diqqətə alaraq sürücü ilə profilaktik söhbət aparıb və ona bu kimi hallarda daha təmkinli davranması ilə bağlı müvafiq təlimatlar verilib. Sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı müəyyən edilmiş qaydalara riayət etmələrini və xidmətin nizamlı təşkili üçün bir-birinə anlayışla yanaşmalarını xahiş edirik.

"BakuBus" MMC olaraq sərnişinlərdən baş verən hadisə zamanı yaranan narahatlığa görə üzr istəyirik", - deyə məlumatda bildirilir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 19:38
Top