Bakıda kişi beş azyaşlı uşağı olan arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 23 oktyabr 2025, 21:17
Bakının Pirallahı rayonunda 1983-cü il təvəllüdlü Aslan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aygünə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə cütlüyün birgə yaşadığı evdə baş verib. Aslan  yaşadıqları mənzilin hamam otağında həyat yoldaşı Aygün ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə qurub, birgə nigahdan 5 azyaşlı uşaqları var: “Ailə qurduqda münasibətlərimiz həmişə yaxşı olub. Son vaxtlar 2 ilə yaxındır ki, Aygün ilə aramızda söz mübahisələrimiz olub. Hətta o, hadisədən əvvəl acıq edərək anasının evinə getmişdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün, axşam saatlarında evə bir qədər gec gəlib və evə gələndə Aygün hamamda uşaqları çimizdirən zaman yenə onunla söz mübahisə edib: “Gecə saat 00:30-da əsəbləşdim. Hamama girərək şillə ilə Aygünün sifət nahiyəsinə vurdum. O, özünü saxlaya bilmədi və hamamın içərisində divara dəydi. Aygün sakitləşdi və həmin günü evdə qaldı. Səhər yenə uşaqları götürərək anasının evinə getdi. Aygün dəfələrlə evdə mənimlə söz mübahisə edib. O, mənim başqa qadınla görüşməyimi fikirləşib və mübahisə yaradıb. Mən heç bir qadınla görüşməmişəm, həmişə ailəmin yanında olmuşam”.

İş üzrə zərərçəkmiş Aygünün sözlərinə görə, son iki ildir həyat yoldaşı Aslan evə gec gəldiyi üçün onun başqa hansısa bir qadınla görüşməsindən şübhələnib: “Ona görə tez-tez Aslanla aramızda dava-dalaş, söz mübahisəsi olub. Hətta Aslan bir neçə dəfə məni döyüb, anamı evinə qovub. Ancaq uşaqlarıma görə yenə evə qayıtmışam. Axırıncı dəfə Aslanla yenə aramızda mübahisə yarandı. Onun evə gec gəldiyi üçün iradımı bildirmişəm. Aslan yenə öz hərəkətlərini davam etdirdiyi üçün uşaqlarımı götürərək anamın evinə getmişəm”. 

Zərərçəkmiş qeyd edib ki, baş verən məlum hadisədən bir gün əvvəl, axşam saat 20 radələrində uşaqlarını götürərək yenidən öz evlərinə qayıdıb: “Evə gələn zaman Aslan evdə olmayıb. O, həmin gün evə gec gəldi. Mən uşaqları hamamda çimizdirəndə evə gəldi. Gecə saat 00:30-da hamamda olan vaxtı yenə Aslanla aramızda söz mübahisəsi baş verdi. Bundan əsəbləşən Aslan hamama girərək zərblə sol sifət nahiyəmə vurdu. Mən özümü saxlaya bilmədim və hamamın divarına çırpıldım. Sol sifət, sağ qolumdan və sağ əlimdən xəsarət aldım. Mən  həmin gecə evdə qaldım. Səhər Aslan yenə bizi anamın evinə qovdu. Aslanın bu hərəkətlərinə görə məcbur olaraq polisə ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair icraata zərərçəkmiş şəxs ilə barışdığına, ona qarşı şikayət və tələb olmaığına görə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 00:13
Top