"İnternetin qiymətinə gəldikdə, bu sahədə..." — AÇIQLAMA

GÜNDƏM 23 oktyabr 2025, 20:26
“Azərbaycanda son illərdə internetin həm keyfiyyəti, həm də əlçatanlığı istiqamətində ciddi irəliləyişlər müşahidə olunur. “Onlayn Azərbaycan” layihəsi və “Rəqəmsal İnkişaf Konsepsiyası” kimi proqramlar ölkənin bütün ərazilərinin fiber-optik texnologiya ilə təmin olunmasını, nəticədə həm sabit, həm də mobil internet xidmətlərinin dayanıqlılığını gücləndirməyi hədəfləyir”.

Bunu Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib.

O əlavə edib ki, bəzi ölkələrdə olduğu kimi, pulsuz və ya çox ucuz internet xidmətlərinin geniş miqyasda tətbiqi sosial və iqtisadi baxımdan kompleks bir prosesdir:“Bakı Bulvarı və İçərişəhər kimi ərazilərdə vaxtilə tətbiq edilən pulsuz Wi-Fi təşəbbüsləri bu istiqamətdə pozitiv təcrübə sayıla bilər. Lakin belə bir modeli ölkə miqyasında reallaşdırmaq üçün geniş texniki resurslar, daimi maliyyələşmə və təhlükəsizlik mexanizmləri tələb olunur. Mobil operatorların xidmət səviyyəsi ümumilikdə qənaətbəxşdir. Son illərdə şəbəkələrin modernləşdirilməsi, 4G-nin optimallaşdırılması və 5G sınaqlarının aparılması nəticəsində mobil internetin sabitliyi və sürəti yüksəlməkdədir. İnternetin qiymətinə gəldikdə, bu sahədə Azərbaycanda vəziyyət regional və beynəlxalq göstəricilərlə müqayisədə fərqlənmir. Başqa sözlə, qiymətlərin “bahadır” kimi dəyərləndirilməsi tam obyektiv deyil”. 

Mütəxəssis əlavə edib ki, qonşu ölkələrin provayderlərinin təklif etdiyi tariflərlə müqayisədə Azərbaycanın internet xidmətləri təxminən eyni səviyyədədir:

“Əsas fərq, adətən, seçilən sürət paketləri və istifadə olunan infrastruktur texnologiyasından qaynaqlanır. Ümumilikdə, ölkənin rəqəmsallaşma strategiyası davamlı inkişaf mərhələsindədir. İnfrastrukturun güclənməsi, rəqabətin artması və provayderlərin xidmət keyfiyyətinə yönəlik yenilənməsi nəticəsində yaxın illərdə həm xidmət sabitliyinin, həm də istifadəçi məmnuniyyətinin daha da artacağı gözlənilir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 19:38
Top