Mətbəxdə gündəlik istifadə olunan kağız dəsmalların daha praktik və ekoloji alternativi təklif olunur. Söhbət sellüloza və pambıq qarışığından hazırlanan, dəfələrlə istifadə edilə bilən xüsusi salfetlərdən gedir.
Demokrat.az xəbər verir ki, bu barədə "The Coolist" yazıb.
"İsveç salfeti" adlandırılan bu məhsul quru halda kartonu xatırladır, su ilə isladıldıqda isə yumşalaraq elastik olur. Xüsusi lif quruluşu sayəsində mayeni sürətlə özünə çəkir və sıxıldıqda asanlıqla buraxır. Bununla da tökülmüş qəhvəni, suyu, meyvə şirəsini və digər çirkləri təmizləmək üçün istifadə edilə bilər.
Adi kağız dəsmallardan fərqli olaraq, islananda parçalanmır və təkrar istifadəyə yararlıdır. Mütəxəssislər gündəlik istifadə üçün yeddi belə salfet saxlamağı, hər gün təmizindən istifadə etməyi tövsiyə edirlər.
Salfetin gigiyenik qalması üçün istifadə etdikdən sonra onu yaxşıca yumaq, sıxmaq və tam açılmış vəziyyətdə qurutmaq vacibdir. Nəm halda büzülmüş vəziyyətdə saxlanılması bakteriyaların çoxalmasına şərait yarada bilər.
Norveçin Nofima Qida Tədqiqatları İnstitutunun araşdırmasına görə, nəm və büzülmüş vəziyyətdə qalan mətbəx salfetlərində salmonella bakteriyaları aktiv şəkildə çoxala bilər. Salfet 24 saat ərzində açılmış vəziyyətdə qurudulduqda isə bakteriyaların miqdarı əhəmiyyətli dərəcədə azalır.
Bununla belə, belə salfetlər bütün təmizlik işləri üçün uyğun deyil. Çiy ət, toyuq və balıqdan yayılan mayelərin təmizlənməsi zamanı birdəfəlik kağız dəsmallardan istifadə etmək daha məqsədəuyğundur. Çünki bu məhsullar dezinfeksiyaedici vasitə deyil və səthlərin tam steril təmizliyini təmin etmir.
Çoxdəfəlik salfetlər yüksək temperaturda yuyulmalı və tam qurudulmalıdır. Yuyulduqdan sonra xoşagəlməz qoxu qalırsa, parça cırılırsa və ya əvvəlki kimi təmizlənmirsə, onun yenisi ilə əvəzlənməsi tövsiyə olunur.



