YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Bürclərə görə necə anasınız?

Bürclərə görə necə anasınız?

Astrologiyaya görə, qadınların analıq xüsusiyyətləri onların doğulduğu bürclə əlaqələndirilir. Bəzi analar uşaqlarına daha çox sərbəstlik verir, digərləri intizam və qaydalara üstünlük tutur, bir qismi isə övladları üçün həm ana, həm də ən yaxın dost olmağa çalışır.

Demokrat.az xəbər verir ki, bu barədə "UNIAN" nəşri astrologiya ilə bağlı hazırladığı materialda yazıb.

Bürclərə əsaslanan şərhlərə görə, Buğalar etibarlı və qayğıkeş, Şirlər qoruyucu, Dolçalar isə uşaqlarının fərdiliyinə və azadlığına hörmət edən analar kimi xarakterizə olunur.

Qoç

Qoç bürcündən olan analar enerjili, qətiyyətli və çətinliklər qarşısında geri çəkilməyən şəxslər kimi təsvir edilir. Onlar uşaqlarına maneələrdən qorxmamağı, özlərinə inanmağı və məqsədlərinə çatmaq üçün mübarizə aparmağı öyrədirlər. Hətta oyun zamanı belə rəqabət aparmağı sevirlər.

Buğa

Buğa anaları etibarlı və sözünün üstündə duran insanlar hesab olunur. Uşaqları çətin vəziyyətdə onlara arxalana bilərlər. Ailə rahatlığına, evdə mehriban atmosferə və süfrə ətrafında birlikdə vaxt keçirməyə xüsusi önəm verirlər. Bəzən inadkarlıqları ilə seçilirlər.

Əkizlər

Əkizlər bürcündən olan analar demək olar ki, hər mövzuda söhbət etməyi bacarırlar. Onlar maraqlı, hazırcavab və yumor hissi güclü şəxslər kimi təqdim olunur. Uşaqları ilə sərt valideyn münasibətindən daha çox dostluq qurmağa üstünlük verirlər.

Xərçəng

Xərçəng anaları üçün övladlarının rifahı hər şeydən önəmlidir. Onlar ailə üzvlərinin əhvalını tez hiss edir, uşaqlarını sevgi və qayğı ilə əhatə etməyə çalışırlar. Evdə rahatlıq yaratmağı sevsələr də, bəzən başqalarına qayğı göstərərkən öz ehtiyaclarını unuda bilirlər.

Şir

Şir anaları güclü xarakterləri və liderlik xüsusiyyətləri ilə fərqləndirilir. Övladlarını hər cür təhlükədən qorumağa çalışır, onlara cəsarətli və özünəinamlı olmağı aşılayırlar. Lakin uşaqların itaətsizliyi qarşısında kifayət qədər sərt davrana bilərlər.

Qız

Qız bürcündən olan analar nizam-intizamı və qayda-qanunu sevirlər. Uşaqlarından məsuliyyətli olmağı, ev işlərində kömək etməyi və detallara diqqət yetirməyi tələb edirlər. Təhsilə də xüsusi əhəmiyyət verir, övladlarında mütaliəyə və yeni biliklərə maraq yaratmağa çalışırlar.

Tərəzi

Tərəzi anaları uşaqları ilə dost münasibəti qurmağa meyilli olurlar. Ailədə harmoniya və qarşılıqlı anlaşmanı qorumağa çalışır, mübahisələrdən qaçaraq kompromis tapmağa üstünlük verirlər. Gözəlliyə və zövqlü görünüşə maraqları ilə də seçilirlər.

Əqrəb

Əqrəb anaları övladlarını həyatlarının mərkəzində görürlər. Onları bütün çətinliklərdən qorumağa çalışsalar da, bəzən bu qayğı həddindən artıq nəzarətə çevrilə bilər. Güclü intuisiyaya malik olduqları, uşaqlarının əhvalındakı dəyişiklikləri tez hiss etdikləri iddia olunur.

Oxatan

Oxatan anaları uşaqlarının uşaqlıq illərinin macəralar və xoş xatirələrlə zəngin olmasını istəyirlər. Səyahətləri, təbiətdə gəzintiləri və aktiv istirahəti sevirlər. Məktəb qiymətlərindən daha çox övladlarının xoşbəxtliyinə əhəmiyyət verir, onlarda həyata maraq və araşdırmaq həvəsi yaratmağa çalışırlar.

Oğlaq

Oğlaq anaları intizam və məsuliyyətə üstünlük verirlər. Övladlarından məqsədyönlü, çalışqan və zəhmətkeş olmağı gözləyirlər. Təhsil, karyera və maliyyə müstəqilliyini vacib hesab edirlər. Bununla yanaşı, çətin anlarda uşaqlarına hər cür dəstək göstərməyə hazırdırlar.

Dolça

Dolça anaları ənənəvi valideynlik yanaşmalarından uzaq olmaları ilə xarakterizə edilir. Uşaqlarının fərdi seçimlərinə, müstəqilliyinə və azadlığına hörmət edirlər. Onlar üçün əsas məsələ övladlarının başqalarına bənzəməyə çalışmadan öz şəxsiyyətlərini qorumasıdır.

Balıqlar

Balıqlar bürcündən olan analar həssas və duyğusal xüsusiyyətləri ilə seçilirlər. Uşaqlarının hisslərini anlamağa, onlara mənəvi dəstək verməyə çalışırlar. Yaradıcılığa maraq göstərir, övladlarının istedadlarını inkişaf etdirmələrinə kömək edirlər. Onlar uşaqlarına mərhəmətli olmağı və başqalarını anlamağı aşılayırlar.