YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Gündəm

Rüşvət qalmaqalı böyüyür — Tural Abbaslıdan deputata cavab

Rüşvət qalmaqalı böyüyür — Tural Abbaslıdan deputata cavab

Korrupsiyaya qarşı mübarizədə məsuliyyətin paylanması və institusional yanaşma ətrafında siyasi polemika davam edir. Deputat Siyavuş Novruzovun rüşvətin təklif olunması ilə bağlı "verən olmasa, alan da olmaz" fikirlərinə cavab verən AĞ Partiyanın sədri Tural Abbaslı problemin kökündə vətəndaşların deyil, dövlət qurumlarındakı sui-istifadələrin dayandığını vurğulayıb.

AĞ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, rüşvətin qarşısının alınmasında əsas həlledici amil vətəndaşın təşəbbüsü deyil.

"Onda mən də deyirəm ki, alan olmasa, verən də olmaz. Düzdür, məntiq eynidir. Mən düşünürəm ki, dövlət bu məsələnin qarşısını almaq istəsə, ala bilər. Necə? Bunun çox gözəl nümunəsi var. Siz eşitmisinizmi ki, kimsə ASAN Xidmətə gedib rüşvət təklif etsin? Yaxud ağlına gətirsin ki, hansısa işini həll etmək üçün oranın əməkdaşına rüşvət verəcək? Bəs eyni insanlar necə olur ki, dövlətin bir strukturunda rüşvət verməyə meyilli olurlar, digər strukturunda isə yox? Deməli, insanlar bilirlər ki, birincisi, bu strukturda rüşvət alınmır, ikincisi, burada heç kimin haqqı yeyilmir. Yəni insanların ASAN Xidmətə etibarı dövlətin digər aidiyyəti qurumlarına nisbətən daha çoxdur. Bu da təsadüfən yaranmayıb, illər ərzində formalaşmış rəydir və həmin rəyin də öz əsasları var".

Tural Abbaslı əlavə edib ki, rüşvətin aradan qaldırılmasının birinci səbəbi rüşvət verənlərin olmaması deyil, rüşvət alanların olmamasıdır:

"Tutaq ki, hər hansı bir vətəndaş sadə insandır, dövlət məmuru deyil, heç bir vəzifəsi yoxdur. Qanunları bilir və ya bilmir, məsuliyyətsiz vətəndaşdır. Sabah rüşvət verirsə, tutaq ki, cəzasını çəkməyə hazırdır. Amma rüşvət alan şəxs bunu öz adına almır, dövlət orqanının, dövlət strukturunun adına, oturduğu kürsüyə, kresloya görə alır. Deməli, burada alan olmasa, verən də olmaz. Necə ki, ASAN Xidmətdə rüşvət alan olmadığı üçün rüşvət təklif edən də yoxdur.

Siyavuş müəllim də bir az cəmiyyətin arasına çıxsın, gedib-gəlsin, sadə insanlarla görüşsün, Naxçıvandakı seçicilərinin yanına getsin. Onlarla danışsın, görsün ki, insanlar istəyən olmasa, heç kim halal pulunu rüşvət vermək istəməz. Vətəndaşlar qanuni haqlarını bərpa etmək üçün belə rüşvət verməyə məcbur qalırlar, qaldı digər məsələlər.

Yenə də qeyd edirəm ki, rüşvətin qarşısının alınmasının ən gözəl nümunəsi ASAN Xidmətdir. ASAN Xidmət modelini tətbiq etsələr, məsələ bitər".