"Fəal sosial şəbəkə istifadəçisi olaraq bu hallarla demək olar ki, hər gün qarşılaşıram. Çox zaman saxta hesablar vasitəsilə gözdən salma, təhqir etmə, hədəfə gətirmə və hətta şantaj cəhdləri ilə üzləşirik. Təbii ki, səbrimizi və təmkinimizi qoruyuruq. Çünki doğru bildiyimiz işlərlə məşğul olduğumuzu bilirik. Bu isə kimlərinsə xoşuna gəlmir. Ona görə də bizi bu cür üsullarla çəkindirməyə çalışırlar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, daim sosial şəbəkədə tənqid hədəfidir.
"Bunun qarşısını almaq üçün isə vasitələr yoxdur. Bizi bir qədər təskinləşdirən odur ki, saxta hesabların arxasında gizlənənlərin məqsədinin fəaliyyətimizə zərər vurmaq olduğunu bilirik. Biz də onların söyüşlərinə söyüşlə cavab versək, əlbəttə ki, istəklərinə çatmış olarlar. Amma biz onlara bu şansı vermirik, ədəbimizi və əxlaqımızı qoruyuruq. Bununla belə, düşünürəm ki, söyüş kampaniyalarını dayandırmaq, söyüşlə məşğul olanları sosial mediadan uzaqlaşdırmaq, saxta hesabların arxasında gizlənərək təhqir yazanlarla bağlı tədbirlər görmək lazımdır. Belə davam etməməlidir. Çünki ən adi bir məsələ ilə bağlı belə, heç tanımadıqları, bilmədikləri insanları hədəfə alır, təhqir edirlər. Xüsusilə xanımlarla bağlı çox acınacaqlı vəziyyət var. Bəzən hansısa xanımla bağlı bir məsələ ortaya çıxır və onu heç tanımayan insanlar müzakirə etməyə başlayırlar. Bu isə bizim milli əxlaqımıza ziddir. Bunu etmək olmaz. Ona görə düşünürəm ki, müvafiq tədbirlər görülməlidir. Narazılıqların çox olması və insanların buna görə söyüş söyməsi fikri də doğru deyil. Ətrafımda tanıdığım çox narazı insanlar var ki, onları məcbur etsəm belə, söyüş söyməzlər, ədəblərini və əxlaqlarını qoruyarlar. Amma söyüş söyənlər bunu məqsədli şəkildə edirlər. Onlar kampaniyaçılıqla məşğuldurlar və doğru işlərlə məşğul olan insanları çəkindirmək məqsədilə bu cür kampaniyalar aparırlar. Düşünürəm ki, yeni texnologiyaların imkanlarından istifadə edərək belə insanları, saxta hesabların arxasında gizlənənləri aşkarlamaq və cəzalandırmaq lazımdır. Məmur-vətəndaş münasibətlərinin isə bu məsələyə heç bir aidiyyəti yoxdur.
Xatırladaq ki, bu gün Deputat Ceyhun Məmmədov parlamentdə bildirib ki, sosial şəbəkələr söyüş platformasına çevrilib. Sosial şəbəkələr ilkin mahiyyətindən uzaqlaşaraq təhqir və söyüşlərin yayıldığı platformalara çevrilib. O, bu prosesin insanların düşüncəsinə mənfi təsir göstərdiyini və sahənin tənzimlənməsinə ehtiyac yarandığını vurğulayıb.



