Türkiyənin məşhur "Kim Milyoner Olmak İstər?" televiziya yarışmasında 1 milyon lirəlik sual iştirakçının böyük mükafat arzusunu yarımçıq qoyub.
Demokrat.az xəbər verir ki, Berker Yıldız adlı yarışmaçı 500 min lirəlik sualı düzgün cavablandıraraq növbəti mərhələyə yüksəlib. Lakin Türkiyə prezidentlərinin doğulduğu şəhərlərlə bağlı sualda səhv seçim etdiyindən yarışmanı 300 min lirə ilə tərk edib.
Aparıcı Cem Öğretirin təqdim etdiyi verilişdə iştirak edən Yıldız Bursa şəhərində doğulub, hazırda İstanbulda yaşayır. İstanbul Texniki Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olan iştirakçı 500 min lirəlik mərhələni keçdikdən sonra 1 milyon lirə dəyərindəki 12-ci sualla qarşılaşıb.
Ona 1923-cü ildən bu günədək Türkiyə prezidentliyi vəzifəsini icra etmiş 12 nəfər arasında hansı şəhərdə doğulan şəxsin olmadığını müəyyənləşdirmək tapşırılıb. Cavab variantları Bursa, Rize, İstanbul və İsparta olub.
Kömək hüquqlarından istifadə etmək imkanı qalmayan Yıldız seçim edərək İspartaya üstünlük verib. Lakin düzgün cavabın Rize olduğu açıqlanıb. Nəticədə yarışmaçı 1 milyon lirəlik mükafatı qazanmaq şansını itirib və 300 min lirə ilə kifayətlənib.
Sual sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi cavab variantlarının çaşdırıcı olduğunu qeyd edərək sualı çətin hesab edib.



