"Fənərbağça"nın hücumçusu Romelu Lukakunun Belçika millisindəki karyerasını başa vurmasının arxasında ciddi narazılıqların dayandığı iddia olunur.
Demokrat.az xəbər verir ki, Belçika millisinin sabiq futbolçusu Radja Nainqqolan yaxın dostu Lukakunun tezliklə məsələ ilə bağlı diqqətçəkən açıqlamalar verəcəyini bildirib.
Belçikanın ən məhsuldar futbolçusu olan 33 yaşlı hücumçu 16 illik milli komanda karyerasını başa çatdırmaq qərarı ilə ölkə futbolunda müzakirələrə səbəb olub. Onun bu addımı xüsusilə bir neçə ay əvvəl 2030-cu il dünya çempionatına qədər millidə çıxış etmək istədiyini açıqlaması fonunda gözlənilməz qarşılanıb.
Belçika mətbuatında yayılan məlumata görə, Nainqqolan "Ongefilterd" podkastında Lukaku ilə bir saat telefonla danışdığını açıqlayıb.
"Lukaku ilə bir saat telefonda danışdım. Mənə yalnız yaxın zamanda bir bombanı partladacağını dedi. Deməli, davamı gələcək. Çünki onunla bir neçə nəfər arasında qurum daxilində problemlər yaşanıb. Daha ətraflı danışmaq istəmirəm. Bunu özü açıqlayacaq", – deyə sabiq futbolçu bildirib.
Nainqqolan əlavə edib ki, Lukaku bir sıra məsələlərə görə incik, məyus və qəzəblidir. Onun sözlərinə görə, hücumçunun narazılığının əsl səbəbləri yaxın zamanda üzə çıxacaq.
Qeyd edək ki, Lukakunun millidən ayrılmaq qərarı Belçikanın UEFA Millətlər Liqasında İtaliyanı 4:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlməsindən sonra açıqlanıb. Həmin vaxt baş məşqçi Mark van Bommelin rəhbərliyi altında əsas heyətdəki yerini itirən hücumçu İtaliya ilə qarşılaşmada da meydana çıxmayıb.
Xatırladaq ki, mövsümün əvvəlində 6 milyon avro qarşılığında "Napoli"dən "Fənərbağça"ya transfer olunan Lukaku İstanbul təmsilçisinin heyətində keçirdiyi 17 rəsmi matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Belçikalı futbolçunun qarşıdakı açıqlamalarının hansı məsələlərə aydınlıq gətirəcəyi maraqla gözlənilir.



