YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Bakıda 28 yaşlı qız birlikdə yaşadığı 61 yaşlı kişini öldürdü

Bakıda 28 yaşlı qız birlikdə yaşadığı 61 yaşlı kişini öldürdü

Bakının Sabunçu rayonunda 28 yaşlı qadın 61 yaşlı kişini qətlə yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Aidə 2025-ci il iyunun 7-də, saat 20 radələrində 1964-cü il təvəllüdlü Zakirlə (adlar şərtidir – red.) birlikdə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə olarkən onunla birlikdə spirtli içki qəbul edib.

Daha sonra Zakirin artıq içmədiyini görərək evi tərk edib. Həmin gün saat 23 radələrində 28 yaşlı qız Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Perla" mebel mağazasının qarşısında Zakirin onun arxasınca gəldiyi zaman sonuncunun onun telefonuna baxması səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Aidə əvvəlcədən üzərində olan cib bıçağı ilə Zakirə zərbə vurub. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Zakir vəfat edib.

Aidənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Aidə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində ailə üzvlərinin atası və anasından ibarət olduğunu bildirib:

"Atam təxminən 6-7 il əvvəl öz əcəli ilə vəfat edib. Həbs olunana qədər anamla birlikdə yaşamışam. Təxminən 2004-2013-cü illərdə Nərimanov rayonunda yerləşən liseydə orta təhsil almışam. Sonradan isə Nərimanovda yerləşən, axşam məktəbi adlanan müəssisədə təhsilimi davam etdirmişəm.

İlk dəfə 2020-ci ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilmişəm. Lakin sonradan Nərimanov Rayon Məhkəməsində barəmdə bəraət hökmü çıxarılıb. İkinci dəfə, təxminən iki il sonra, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Cəzamı 4 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişəm. Təxminən qətl hadisəsindən 10 ay əvvəl azadlığa buraxılmışam. Azadlığa çıxdıqdan sonra əsəblərimdə pozuntular olduğu üçün 2 saylı xəstəxanada bir neçə dəfə stasionar qaydada müalicə almışam".

Təqsirləndirilən şəxs deyib ki, əsəbləri yerində olmadığı üçün tez-tez yaşadığı ünvandan qaçıb, çöllərdə və müxtəlif ünvanlarda yaşayıb:

"Elə bu minvalla da təxminən 6 ay əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Zakirlə tanış oldum. Zakir məni çöllərdə acınacaqlı vəziyyətdə gördüyü üçün övladlığa götürərək yanında saxlamaq istədiyini dedi. Mən də onunla razılaşdım və Zakirlə birlikdə onun tək yaşadığı ünvanda qalmağa qərar verdim. Həmin vaxtdan etibarən də biz o ünvanda birlikdə ata-bala kimi yaşadıq.

Yaşadığımız müddətdə əsəblərim yerində olmadığı üçün dəfələrlə evdən qaçdım. Zakir isə hər dəfə məni taparaq yaşadığımız ünvana gətirdi. Hətta ara-sıra bu məsələlərlə bağlı Zakirlə aramızda mübahisələr də olurdu. Həmin mübahisələr zamanı mən Zakiri şillə, təpik və yumruqla vurmuşam. Zakir isə heç vaxt mənə əl qaldırmayıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib".

Aidənin sözlərinə görə, sonuncu dəfə Zakirlə yaşadıqları ünvanda olarkən əvvəlcə evdə tək olub:

"Evdə oturaraq spirtli içki qəbul etdim. Bir müddət sonra Zakir də evə gəldi. O, evə gəldikdən sonra mənimlə birlikdə oturaraq spirtli içki qəbul etməyə başladı. Lakin onun az içdiyini gördüm və nə üçün mənimlə içmədiyini soruşdum. O isə cavabında bir azdan içəcəyini dedi.

Bir qədər oturduqdan sonra yerimdən qalxaraq evi tərk etdim. Zakir də arxamca gəldi və getməməyim üçün əlindən gələni etdi. Bir müddət onunla Bakıxanov qəsəbəsi ərazisində piyada hərəkət edərək söhbət etdik.

Küçədə olarkən, təxminən saat 23 radələrində aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı Zakir mənim telefonuma baxdığı üçün əsəbiləşdim və ona telefonuma baxmamasını dedim. Buna baxmayaraq, Zakir yenə telefonuma baxarkən əlimlə onu itələdim.

Həmin vaxt içkili olduğum üçün dəqiq xatırlamasam da, əlimdə kəsici bir əşya olub. Mənim üzərimdə həmişə ülgüc olur və ondan dırnaqlarımı, qaşımı düzəltmək üçün istifadə edirdim. Həmin vaxt əlimdə olan əşyanın ülgüc olub-olmadığını dəqiq deyə bilmirəm.

Əlimdə tutduğum alətlə Zakiri vuraraq itələdikdən sonra onun sol qol nahiyəsindən qan axdığını gördüm. Dərhal üzərimdə olan köynəyimi çıxardım və qanaxmanı dayandırmaq üçün onun qolunu bağladım. Bir neçə dəqiqə yanında gözlədikdən sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşaraq məni şöbəyə apardılar.

Bundan başqa, hadisə zamanı üzərimdə bıçağın olub-olmaması ilə bağlı bildirmişəm ki, içkili olduğum üçün bunu tam xatırlamıram. Lakin bildiyim qədərilə üzərimdə bıçaq olmayıb. İçkili olduğum üçün çox şeyi xatırlamıram. Ona görə də bu barədə konkret bir söz deyə bilmirəm".

İş üzrə zərərçəkmiş Zakirin hüquqi varisi olan qardaşının sözlərinə görə, o, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ailə üzvləri ilə birlikdə yaşayır. Onun sözlərinə görə, mərhum Zakir onun qardaşı olub:

"Qardaşım evli idi və 3 oğlan övladı var. Zakir bir ilə yaxın idi ki, işləmək üçün yaşadığı Şərurdan Bakı şəhərinə gəlmişdi. O, Bakıxanov qəsəbəsində bazarın yanında yerləşən avtodayanacaqda işləyirdi. Mən qardaşımı sonuncu dəfə 11 mart 2025-ci il tarixində iş yerində görmüşəm. Görüşüb söhbət edərkən ondan parklama işini buraxmasını və yaşadığı kəndə geri qayıtmasını xahiş etdim. Həmin vaxt qardaşım mənə Novruz bayramında geri qayıdacağını desə də, bunu etmədi. Buna baxmayaraq, mənim və ailə üzvlərimin Zakirlə bir neçə dəfə telefon danışığımız oldu və o, hər hansı narahatlığı barədə bir söz demədi".

Hüquqi varisin bildirdiyinə görə, 8 iyun 2025-ci il tarixində qardaşı Zakirin sol qolundan aldığı xəsarət nəticəsində kəskin qanitirmədən vəfat etdiyini öyrənib və gecə ilə Bakı şəhərinə gəlib:

"Bura çatdıqda qardaşımın Aidə adlı tanışının mübahisə zamanı onun sol qoluna bıçaqla zərbə vurması nəticəsində kəskin qanitirmədən vəfat etdiyini öyrəndim. Qardaşımın kiminləsə düşmənçiliyi, ədavəti və ya hər hansı şəxslə mübahisəsi olduğunun şahidi olmamışam. O, bu barədə mənə heç nə deməmişdi. Qardaşıma xəsarət yetirən şəxsi tanımıram. Həmin şəxsin özü və ya yaxınları ilə aramızda hər hansı ədavət və ya düşmənçilik olmayıb".

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs saxlanıldığı Müalicə Müəssisəsində keçirdiyi ağır xəstəlikdən vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aidə Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdikdən sonra vəfat etdiyindən Cinayət-Prosessual Məcəlləsinin 43.3-1 və 39.1.5-ci maddələrinə əsasən barəsindəki cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor