Türkiyənin İstanbul şəhərində küçələrdə göründüyü bildirilən dişi aslanı tapmaq üçün başladılan axtarışlar nəticəsiz qalıb. Termal kameralarla yeri müəyyən edilən heyvan gecə saatlarında gözdən itib.
Demokrat.az xəbər verir ki, hadisə Sarıyer rayonunun Uskumruköy məhəlləsində baş verib. Noyabrın 22-də axşam saatlarında aslan gördüyünü bildirən şəxsin müraciətindən sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin koordinasiyası ilə jandarma, polis və bələdiyyə əməkdaşları axtarışlara başlayıblar. Meşəlik ərazidə termal kameralar vasitəsilə yeri müəyyən edilən heyvanı zərər vermədən tutmaq üçün sakitləşdirici iynədən istifadə etməyə çalışıblar. Lakin buna nail olmaq mümkün olmayıb.
Gecə saatlarında heyvan termal kameraların müşahidə dairəsindən çıxıb. Onun tapılması üçün ərazidə axtarışlar davam etdirilir.
Aslanla qarşılaşdığını bildirən Arda Koç heyvanın qəfil avtomobilinin qarşısına çıxdığını deyib. O, dərhal jandarmaya məlumat verdiyini bildirib.
Məhəllə muxtarı Şeyda Üst heyvanın hansısa evdə saxlanıldıqdan sonra qaçmış ola biləcəyini ehtimal edib. Sarıyer bələdiyyəsinin sədri Oktay Aksu isə bu ehtimalın hələ təsdiqlənmədiyini vurğulayıb.
İstanbul Valiliyi heyvanın olduğu ərazinin müəyyən edildiyini və onun sağ şəkildə tutulması üçün tədbirlərin görüldüyünü açıqlayıb.
Səlahiyyətlilər yaxınlıqda yaşayan sakinlərə ehtiyatlı olmağı, zərurət olmadıqca evdən çıxmamağı və təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl etməyi tövsiyə ediblər.



