YapiKredi Müraciət Forması
Mazda CX-5
Təhsil Özəl

Məleykə Abbaszadədən sonra imtahan qaydaları dəyişəcək?

Məleykə Abbaszadədən sonra imtahan qaydaları dəyişəcək?

Dövlət İmtahan Mərkəzinin (DİM) sədrinin vəzifədən getməsi gələn il keçiriləcək buraxılış və qəbul imtahanlarında mümkün dəyişikliklərlə bağlı suallar yaradıb.

İctimaiyyəti maraqlandıran əsas məsələlərdən biri rəhbərlikdə baş verən dəyişikliyin imtahanların formatına, sualların çətinlik səviyyəsinə və müddətinə təsir edib-etməyəcəyidir.

Məsələ ilə bağlı Demokrat.az DİM-in mətbuat xidmətinə sorğu ünvanlayıb.

Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda imtahanlarla bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur.

Beləliklə, qurumun açıqlamasına əsasən, hazırkı mərhələdə gələn il keçiriləcək buraxılış və qəbul imtahanlarının formatında, müddətində və digər əsas şərtlərində dəyişiklik planlaşdırılmır.

Qeyd edək ki, imtahanların təşkili ilə bağlı mümkün yeniliklər abituriyentlər, şagirdlər və valideynlər üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan DİM-in açıqlaması imtahanlara hazırlaşan namizədlər üçün mövcud qaydalar əsasında hazırlıqlarını davam etdirməyin mümkün olduğunu göstərir.

Qeyd edək ki, Məleykə Abbaszadə uzun illər əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK), 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzinə rəhbərlik edib. Qurum rəhbəri ümumi imtahan siyasətinə, ölçmə və qiymətləndirmə strategiyasına, prosesin təşkilinə və nəzarətinə cavabdeh olsa da, suallar ayrı-ayrı fənlər üzrə mütəxəssislər, müəllimlər və metodistlər tərəfindən hazırlanır, daha sonra ekspertizadan keçirilir. Buna görə də Məleykə Abbaszadənin vəzifədən ayrılması özlüyündə imtahan suallarının məzmununun və çətinlik səviyyəsinin dəyişməsi anlamına gəlmir.

Editor
Redaktor