YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Gürcüstan bacardı, Azərbaycan niyə bacarmadı? — Millinin 32 illik uğursuzluğunun səbəbləri

Gürcüstan bacardı, Azərbaycan niyə bacarmadı? — Millinin 32 illik uğursuzluğunun səbəbləri

Azərbaycan futbol millisi uzun illərdir dünya və Avropa çempionatlarının seçmə mərhələlərində mübarizə aparsa da, hələ də bu turnirlərin final mərhələsinə vəsiqə qazana bilməyib. Ayrı-ayrı oyunlarda uğurlu nəticələr əldə edilməsinə, futbol infrastrukturuna və klublara investisiyaların yatırılmasına baxmayaraq, millinin beynəlxalq arenada arzulanan nəticəni göstərməməsi müzakirə mövzusu olaraq qalır.

Azərbaycan millisinin dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanması niyə hələ də reallaşmır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında futbol şərhçisi Mehman Süleymanov bildirib ki, Azərbaycan milli komandası 1992-ci il sentyabrın 17-də ilk oyununa çıxsa da, dünya və Avropa çempionatlarının seçmə mərhələlərində yalnız FİFA və UEFA-ya üzv qəbul edildikdən sonra iştirak etməyə başlayıb.

Gürcüstan bacardı, Azərbaycan niyə bacarmadı? — Millinin 32 illik uğursuzluğunun səbəbləri

Onun sözlərinə görə, bu, 1994-cü ildən etibarən mümkün olub:

"İlk debütümüz Avropa çempionatının seçmə mərhələsində, daha sonra isə dünya çempionatının seçmə mərhələsində baş tutub. Göründüyü kimi, bu müddət ərzində artıq 32 il keçib, amma milli komandamız belə mötəbər turnirlərin final mərhələsinə vəsiqə qazana bilməyib. Daha çox autsayder kimi çıxış edib. Belə ki, nəinki pley-off mərhələsinə vəsiqə verən ikinci, hətta üçüncü pilləyə belə yüksələ bilməmişik. Təbii ki, bunun əsas səbəblərindən biri futbolumuzun Avropanın ən zəifləri sırasında yer almasıdır.

Milli komandamızın ən yaxşı dövrlərindən biri hesab olunan 1990-cı illərdə belə, yığmanın əsasını SSRİ futbol məktəbinin yetirmələri təşkil edirdi. Həmin futbolçular o dövrün Azərbaycan futbolunun ən güclü nümayəndələri sayılsalar da, komandamız seçmə mərhələlərdə qrupunu əsasən sonuncu və ya sondan əvvəlki pillədə başa vururdu. İndiki vəziyyətdə uğurlu çıxış etmək, təbii ki, çox çətin məsələdir. Bunun üçün illər lazımdır. Ən əsası, futbolumuzun inkişafı istiqamətində işlər düzgün qurulmalıdır. Yeni nəsil yetişməlidir. Xüsusilə 15-17 yaşlı futbolçulardan ibarət aşağı yaş qruplarındakı milli komandalar böyük ümidlər verməli, gələcəkdə həmin futbolçular güclü Avropa klublarında çıxış edərək əsas millinin aparıcı qüvvəsinə çevrilməlidirlər. Hətta zaman-zaman müxtəlif ölkələrdən legioner futbolçular da millimizə cəlb olunub. Azərbaycanla heç bir bağlılığı olmayan, burada futbol məktəbi keçməyən oyunçularla da istənilən nəticəni əldə edə bilməmişik. Eyni zamanda, əslən Azərbaycana bağlı olan, Rusiya futbol məktəbinin yetirmələri sayılan, "Spartak", "Zenit" kimi klublarda yetişmiş Emin Mahmudov və Ramil Şeydayev kimi futbolçular millimizə cəlb olunsalar da, onların iştirakı ilə də arzuladığımız uğurlu nəticələrə nail ola bilməmişik. Təbii ki, bir-iki futbolçu ilə bu problemin öhdəsindən gəlmək mümkün deyil. Çünki futbol fərdi deyil, komanda idman növüdür. Güclü legionerlərimiz, xarici ölkələrdə çıxış edən futbolçularımız olmalıdır. Həmin oyunçular öz klublarında əsas heyət üzvləri olmalı, ehtiyat oyunçular skamyasında qalmamalıdırlar. Eyni zamanda, güclü liqalarda müntəzəm olaraq oyun təcrübəsi qazanmalıdırlar. Bu amillər milli komandanın inkişafı baxımından çox vacibdir. Bu məsələdə qonşu Gürcüstanın nümunəsinə də baxmaq olar. Gürcüstan futbolu SSRİ dövründən etibarən Azərbaycan futbolundan üstün olub. 1990-cı illərdən sonra isə ölkədən Avropaya güclü futbolçu axını başladı. Gürcü futbolçular Avropanın nüfuzlu klublarında çıxış edərək təcrübə qazandılar. Nəticədə Gürcüstan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğurunu yaşadı. Təəssüf ki, Azərbaycan futbolunda bu cür nümunələr kifayət qədər deyil. Bütün bu amilləri kompleks şəkildə nəzərə alsaq, milli komandamızın hazırkı səviyyəsi ilə dünya və Avropa çempionatlarının seçmə mərhələlərində yüksək yerlər tutması, ən azı pley-off mərhələsinə vəsiqə qazanması real görünmür. Ən yaxşı halda, aşağı səviyyəli liqalarda mübarizə aparan rəqiblər arasında uğurlu nəticələr əldə edə bilərik. Reallıqları qəbul etməli və futbolumuzun inkişafı üçün uzunmüddətli, düzgün strategiya qurmalıyıq.