YapiKredi Müraciət Forması
Mazda CX-5
İnfrastruktur Özəl

Əlçatan alternativ nəqliyyat yoxdursa, bu əlavə xərc olacaq — Ekspert

Əlçatan alternativ nəqliyyat yoxdursa, bu əlavə xərc olacaq — Ekspert

Bakıda ödənişli hərəkət zonalarının yaradılması şəhər mərkəzindəki avtomobil sıxlığını azaltmaq məqsədi daşıyır. Buna baxmayaraq, parklanmanın pullu olması yollardakı tıxac problemini hələ də aradan qaldırmayıb. Bu mexanizmin tıxacları real olaraq azaldacağı, yoxsa sıxlığı sadəcə digər küçələrə yönəldəcəyi ciddi sual doğurur.

Demokrat.az-a məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, ödənişli zona sisteminin tətbiqi şəhər mərkəzində avtomobil sıxlığının azaldılması, parklanma yerlərindən səmərəli istifadə edilməsi və nəqliyyat axınının tənzimlənməsi baxımından effektiv mexanizmlərdən biridir:

Əlçatan alternativ nəqliyyat yoxdursa, bu əlavə xərc olacaq — Ekspert

"Lakin ödənişli zonaların tətbiqi təkbaşına tıxac problemini həll edə bilməz. Əgər sürücünün şəxsi avtomobildən imtina etməsi üçün rahat, sürətli və əlçatan alternativ nəqliyyat vasitəsi yoxdursa, bu sadəcə onun gündəlik xərclərini artıracaq. Digər tərəfdən, şəhərin müəyyən küçələrində ödənişli parklanmanın tətbiqi, ətraf ərazilərdə isə parklanmanın ödənişsiz qalması avtomobil sıxlığının həmin küçələrə, yaşayış binalarının həyətlərinə və məhəllədaxili yollara yönəlməsinə səbəb ola bilər. Nəticədə problem həll olunmur, sadəcə bir ərazidən digərinə köçürülür. Ödənişli parklanmanın əsas üstünlüklərindən biri avtomobillərin uzun müddət eyni parklanma yerini zəbt etməsinin qarşısını almaq və parklanma yerlərinin dövriyyəsini artırmaqdır. Boş parklanma yerlərinin olması sürücülərin yer axtarmaq üçün küçələrdə əlavə hərəkət etməsini də azalda bilər. Lakin parklanma tarifləri müəyyənləşdirilərkən ərazinin nəqliyyat yükü, parklanma tələbatı, ictimai nəqliyyatın əlçatanlığı və yerli sakinlərin maraqları nəzərə alınmalıdır. Bakıda bu sistemin real nəticə verməsi üçün metro şəbəkəsinin genişləndirilməsi, avtobusların hərəkət intervallarının optimallaşdırılması, ictimai nəqliyyatın rahatlığının artırılması və şəhərin girişlərində avtomobillərin saxlanılaraq ictimai nəqliyyata keçid edilməsinə imkan verən parklanma məntəqələrinin yaradılması vacibdir. Eyni zamanda, ikinci cərgədə parklanma, dayanma və durma qaydalarının pozulması, səkilərin və yaşayış binalarının girişlərinin avtomobillərlə zəbt edilməsi hallarına qarşı nəzarət gücləndirilməlidir".

Ekspert söyləyib ki, bu sistemdən əldə olunan vəsaitin müəyyən hissəsinin ictimai nəqliyyatın və piyada infrastrukturunun inkişafına yönəldilməsi məqsədəuyğun olardı:

"Sistemin effektivliyi isə toplanan vəsaitin həcmi ilə deyil, şəhər mərkəzinə daxil olan avtomobillərin sayının, tıxaclarda itirilən vaxtın, parklanma yeri axtarışına sərf olunan müddətin və qanunsuz parklanma hallarının nə qədər azalması ilə qiymətləndirilməlidir. Şəhər nəqliyyatının idarə edilməsində əsas məqsəd avtomobillərin deyil, insanların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Əgər vətəndaş ictimai nəqliyyatla şəxsi avtomobilindən daha rahat, daha sürətli və daha sərfəli şəkildə mənzil başına çata bilirsə, onun avtomobildən istifadə etmək tələbatı təbii olaraq azalacaq. Buna görə də ödənişli zona tıxacların azaldılmasına yönəlmiş kompleks nəqliyyat siyasətinin bir hissəsi olmalıdır. Əks halda, avtomobil sıxlığını azaltmaqdan daha çox onun şəhər daxilində coğrafi yerdəyişməsinə səbəb olacaq".

Beləliklə, vətəndaş ictimai nəqliyyatla mənzil başına daha sürətli və sərfəli çatarsa, şəxsi avtomobilə tələbat təbii şəkildə azalacaq. Ödənişli zonalar kompleks nəqliyyat siyasətinin tərkib hissəsi olmalıdır, əks halda tıxaclar şəhər daxilində sadəcə yerini dəyişəcək.