"Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlunun AXCP sədri Əli Kərimlinin işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verməsi bəzi dairələri ciddi narahat edib. Görünür, onun məhkəmədə ifadəsi müəyyən qrupların maraqlarına uyğun gəlməyib. Nəticədə media rəhbərinə qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyasına start verilib, müxtəlif ittihamlar səsləndirilməyə başlanıb.
Əslində, burada ortaya kifayət qədər prinsipial sual çıxır: Rauf Arifoğlu nə etməli idi? Məhkəməyə çağırıldığı halda ifadə verməkdən imtina etməli, bildiklərini gizlətməli, yoxsa kimlərinsə siyasi mövqeyinə uyğun danışmalı idi? Məhkəmədə şahid qismində ifadə vermək hüquqi və vətəndaş məsuliyyətidir. Bəs bu məsuliyyəti yerinə yetirən şəxsə qarşı hücumların arxasında hansı məqsədlər dayanır?
Mövzu ilə bağlı suallarımızı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə ünvanladıq.
-Çingiz bəy, Rauf Arifoğlu istintaq və məhkəməyə getməyə bilərdimi?
– Xeyr. Burada söhbət təkcə Rauf bəydən getmir. Əgər biz ölkədə hüquqi və demokratik dövlət quruculuğundan danışırıqsa, bu prinsiplərə hər kəs hörmətlə yanaşmalıdır. Vəzifəsindən, titulundan və ictimai mövqeyindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarının çağırışına gəlmək hər bir vətəndaşın qanunla müəyyən edilmiş öhdəliyidir.
İstər istintaq orqanlarına, istərsə də məhkəməyə çağırılan şəxs qanuna və dövlət institutlarına hörmət əlaməti olaraq həmin çağırışa əməl etməlidir. Bu baxımdan Rauf Arifoğlunun həm istintaqda, həm də məhkəmədə iştirak edərək ifadə verməsi tamamilə normal, hüquqa, dövlət orqanlarına və özünə hörmətdən irəli gələn addımdır.
Rauf Arifoğlu Azərbaycan ictimai-siyasi həyatında sıradan bir şəxs deyil. O, cəmiyyətdə kifayət qədər tanınan, nüfuzlu, fəaliyyəti ilə Azərbaycanın müstəqillik tarixinə öz imzasını atmış şəxslərdəndir. Rauf bəy 60 illik ömrünün 37 ilini mübarizəyə həsr edib. İstər milli azadlıq hərəkatı dövründə, istər torpaqlarımızın işğal altında olduğu illərdə, istərsə də ərazilərimizin işğaldan azad edilməsindən və suverenliyimizin tam bərpasından sonrakı mərhələdə ölkənin ictimai-siyasi həyatında fəal rol oynayıb.
Onun demokratiyanın, insan hüquqlarının və ədalətin təmin olunması istiqamətində mətbuatda, rəhbərlik etdiyi komanda ilə birlikdə gördüyü işləri heç kim inkar edə bilməz. Bunları görməmək isə, məncə, siyasi nankorluq və korluq olardı.
Xüsusilə Rauf bəyin Əli Kərimlinin məhkəmə prosesində iştirak etməsi və ifadə verməsi bir çoxlarını ciddi narahat edib. Görürəm ki, mətbuatda ona qarşı sanki vahid mərkəzdən idarə olunan hücum kampaniyası aparılır. Bəzi şəxslər məqsədli şəkildə, digərləri isə nə etdiklərinin fərqinə varmadan Rauf bəy haqqında ağıllarına və ağızlarına gələni yazır, təhqiramiz ifadələr işlədirlər. Hətta hesab edirəm ki, həmin ifadələrin bir çoxunda cinayət tərkibi yarada biləcək elementlər var.
Rauf bəy onun şərəf və ləyaqətinə qarşı yönəlmiş təhqiramiz ifadələr işlədən, böhtan xarakterli məlumatları mediada və sosial şəbəkələrdə yayan şəxslərə qarşı məhkəmə iddiası qaldıra bilər. Onların qanun qarşısında məsuliyyətə cəlb olunmasını tələb etmək hüququ var və buna nail olmaq da mümkündür.
Mən özüm də bu cür hüquqi mübarizənin nəticəsini görmüşəm. Fransada Qənimət Zahidin mənim haqqımda yaydığı yalan məlumatlara, şər və böhtan xarakterli ifadələrə görə Paris Cinayət Məhkəməsinə müraciət etmişdim. Məhkəmə iddiamı təmin etdi, Qənimət Zahid məsuliyyətə cəlb olundu və mənə maddi-mənəvi kompensasiya ödədi.
Ona görə hər bir kəs yazdığı və işlətdiyi ifadəyə məsuliyyətlə yanaşmalıdır və bunun gələcəkdə hüquqi müstəvidə çəkişmə predmetinə çevriləcəyini dərk edərək hər bir şeyi dilinə və yaxud da ki, qələminə gətirərək ifadə etməməlidir.
– Bəs Rauf Arifoğlu istintaqda və ya məhkəmədə bilə-bilə yalan ifadə verə bilərdimi?
– Xeyr. Azərbaycan Respublikasının qanunvericiliyi bunu qadağan edir. Qeyd edim ki, istintaq orqanlarına dəvət olunan şəxs Cinayət-Prosessual Məcəlləsinin 227.4-cü maddəsinə uyğun olaraq bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıdığı barədə xəbərdar edilir və bununla bağlı iltizama imza atır.
Məhkəmədə isə hakim şahidi dindirərkən Cinayət-Prosessual Məcəlləsinin 328-ci maddəsinin tələblərini ona izah edir. Şahidə bildirilir ki, bilə-bilə yalan ifadə verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyət daşıyır.
Bundan başqa, şahidin bilə-bilə ifadə verməkdən imtina etməsi də Cinayət Məcəlləsinin 298-ci maddəsi ilə qadağan olunur və buna görə məsuliyyət nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətlə bağlı iş üzrə bilə-bilə yalan ifadə verməyə görə şəxs iki ildən altı ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.
Rauf bəyin bu prosesdə həqiqəti deməsi, eyni zamanda, onun 2013-cü və 2019-cu illərdəki mövqeyi ilə də bağlıdır. O, həmin dövrlərdə Əli Kərimlinin və digər şəxslərin Milli Şura və başqa platformalar çərçivəsində birləşməsinə, prezident seçkilərində iştirak etmək niyyətlərinə, eləcə də Milli Şuranın rəhbərliyinə, eyni zamanda prezidentliyə namizədliyə Azərbaycan vətəndaşı olmayan şəxsin, Rüstəm İbrahimbəyovun irəli sürülməsinə münasibət bildirib və bunun yanlış addım olduğunu yazıb.
Mən də həmin dövrdə bu məsələyə qarşı kifayət qədər müsahibələr vermişəm, televiziya çıxışlarım olub. Onu da qeyd edim ki, qanunvericilik Azərbaycan vətəndaşı olmayan şəxsin ölkəmizdə prezident seçkilərində namizəd kimi iştirak etməsinə imkan vermir.
Rauf bəy də həmin vaxt öz mövqeyini açıq şəkildə ifadə edib. İndiki mərhələdə istintaq orqanları onu dəvət edərək əvvəlki yazıları, çıxışları, həmin mövqeyinin səbəbləri və məqsədi barədə suallar ünvanlayıblar. Təbii ki, Rauf bəy 2013-cü və 2019-cu illərdə yazdıqlarını, səsləndirdiyi fikirləri olduğu kimi çatdırmağa borclu idi. Əks halda, ifadə verməkdən yayınması və ya yalan ifadə verməsi hüquqi məsuliyyət yarada bilərdi.
Rauf bəy və onun rəhbərlik etdiyi "Yeni Müsavat" komandası bu gün də mətbuat vasitəsilə ölkədəki çatışmazlıqları, müxtəlif pozuntuları, ayrı-ayrı məmurların və vəzifəli şəxslərin vətəndaşlara qarşı qeyri-adekvat münasibətini, məhkəmə qərarlarının icra edilməməsini, istintaq zamanı yol verilən prosessual pozuntuları və digər problemləri gündəmə gətirir. Onlar bu məsələlərə qarşı barışmaz mövqe nümayiş etdirirlər.
Hesab edirəm ki, Rauf Arifoğlu və onun komandası ölkəmizdə hər birimizin arzuladığı hüquqi və demokratik cəmiyyətin formalaşması və inkişafı istiqamətində var gücü ilə çalışır, bu prosesə öz töhfəsini verir.
Rauf bəyə qarşı kampaniyaya qoşulan, yaxud heç bir hüquqi əsas olmadan müxtəlif ittihamlar səsləndirən şəxslərə tövsiyəm budur: Cinayət-Prosessual Məcəlləsini əldə edib onun 227.4 və 328-ci maddələri ilə tanış olsunlar. Eyni zamanda Cinayət Məcəlləsinin 297 və 298-ci maddələrinin tələblərinə və sanksiyalarına diqqət yetirsinlər. Hüquqi məsələlər barədə fikir bildirərkən ilk növbədə qanunvericiliyi öyrənmək lazımdır.



