Bakının bəzi kafelərində bir fincan latte 6 manata təklif olunur. Bəs bu məbləğin nə qədəri qəhvənin hazırlanmasına, nə qədəri isə digər xərclərə sərf edilir?
Demokrat.az bildirir ki, təxmini hesablamalara görə, bir fincan latte üçün 18 qram qəhvə dənəsindən istifadə olunur. Bunun maya dəyəri təxminən 90 qəpik təşkil edir. Südə 40 qəpik, stəkan, qapaq və şəkərə isə 30 qəpik xərclənir. Beləliklə, içkinin birbaşa məhsul xərci təxminən 1 manat 60 qəpik olur.
Satış qiymətinin qalan hissəsi isə əsasən kafenin digər xərclərinə yönəlir. Təxmini hesablamada icarə və barista əməkhaqqının hər biri 1 manat 20 qəpik, işıq, su və avadanlıq xərclərinin 50 qəpik, vergilərin isə 90 qəpik olduğu göstərilir.
Bu hesablamaya əsasən, 6 manata satılan bir fincan latteden kafeyə təxminən 60 qəpik qazanc qalır.
Beləliklə, latte qiymətinin formalaşmasında yalnız qəhvənin deyil, məkanın saxlanılması, işçi qüvvəsi, xidmət və digər əməliyyat xərclərinin də mühüm payı var.
Qeyd edək ki, bu rəqəmlər təxmini hesablamalardır və konkret kafenin yerləşdiyi əraziyə, icarə haqqına, məhsulun keyfiyyətinə və digər xərclərə görə dəyişə bilər.



