"OpenAI" süni intellekt texnologiyalarının inkişaf sürətinə nəzarət etmək üçün yeni ölçmə metodunun tətbiqini təklif edib. Şirkətin baş elmi işçisi Yakub Paçotski süni intellekt modellərinin imkanlarını qiymətləndirmək üçün istifadə olunan "perplexity" göstəricisinin bütün sektor üzrə vahid meyara çevrilməsini təklif edib.
Demokrat.az xəbər verir ki, təklifin əsas məqsədi süni intellekt şirkətlərinin modellərini inkişaf etdirərkən təhlükəsizlik məsələlərini də nəzərə almasını təmin etməkdir. Belə bir ortaq standartın qəbul edilməsi şirkətlərin texnoloji inkişafla yanaşı, təhlükəsizlik və nəzarət imkanlarını da müəyyən səviyyəyə çatdırmasını tələb edə bilər.
Son dövrlərdə süni intellektin sürətli inkişafının mümkün riskləri ilə bağlı müzakirələr intensivləşib. "Anthropic" şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin hazırlanma sürətinə nəzarət edilməsini, şirkətlərin ortaq təhlükəsizlik standartları üzərində razılığa gəlməsini təklif edib. "OpenAI" rəhbəri Sem Altman və "SpaceX" şirkətinin baş direktoru İlon Maskın da bu yanaşmaya dəstək verdiyi bildirilir.
Paçotskinin irəli sürdüyü ideyanın əsasını təşkil edən "perplexity" maşın öyrənməsində istifadə olunan texniki göstəricidir. Bu metrik modelin mətn daxilində növbəti tokeni, yəni ən kiçik mətn vahidini nə dərəcədə dəqiq proqnozlaşdırdığını ölçür. Göstəricinin aşağı olması modelin proqnozlaşdırma qabiliyyətinin daha yüksək olduğunu göstərir.
"OpenAI" nümayəndəsinin fikrincə, mövcud müqayisə testləri süni intellekt texnologiyalarının sürətli inkişafı səbəbindən qısa müddətdə aktuallığını itirir. "Perplexity" isə modellərin inkişafını daha uzunmüddətli izləmək üçün faydalı meyar ola bilər.
Paçotski "GPT-3.5" modelindən başlayaraq şirkətin süni intellekt sistemlərində bu göstəricinin necə dəyişdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, "GPT-4" modelində "perplexity" göstəricisinin təxminən 0,91 səviyyəsində olması zəncirvari düşünmə metodunun səmərəli tətbiqinə imkan verib. Göstəricinin 0,8-dən aşağı düşməsi isə kibertəhlükəsizlik və riyaziyyat kimi sahələrdə daha qabaqcıl imkanların ortaya çıxması ilə müşayiət olunub.
Təklifin diqqətçəkən tərəfi şirkətlərin müəyyən edilmiş təhlükəsizlik mərhələlərini keçmədən modellərini daha yüksək inkişaf səviyyəsinə çatdırmamasıdır. Başqa sözlə, süni intellekt sistemlərinin imkanlarının genişləndirilməsi şirkətlərin həmin texnologiyaların davranışlarını anlamaq və risklərini nəzarətdə saxlamaq bacarığından asılı ola bilər.
Bununla belə, "perplexity" göstəricisinin bütün süni intellekt imkanlarını əhatə edən universal ölçüyə çevrilməsi və şirkətlərin belə məhdudiyyətlər barədə razılığa gəlməsi hələ müzakirə mövzusudur.



