YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Gündüz İsmayılov Azərbaycan qadınlarının rolundan danışdı

Gündüz İsmayılov Azərbaycan qadınlarının rolundan danışdı

"Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var. Tədbirin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunması və müzakirə mövzusunun seçilməsi təsadüfi deyil".

Demokrat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gündüz İsmayılov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda konfransda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, konfransın əsas məqsədi tolerant dəyərlərin formalaşması və təbliğində qadınların rolunu gücləndirmək, onların potensialından daha səmərəli istifadə etməkdir:

"Azərbaycanda tolerantlıq ənənələri xalqın zəngin mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı, dövlət siyasətinin də mühüm istiqamətlərindən biridir. Tarixdən nümunələr gətirərək Azərbaycan qadınlarının müxtəlif dini məbədlərin inşası və bərpasına töhfə verdiyini qeyd edə bilərik. Bakıda yerləşən Təzəpir məscidi Azərbaycan qadını Nabat xanım Aşurbəyovanın şəxsi vəsaiti hesabına inşa etdirilib. Bununla yanaşı, Azərbaycan qadınları bir sıra xristian məbədlərinin tikintisinə və bərpasına da maddi dəstək göstəriblər".

Gündüz İsmayılov xüsusilə Arxangel Mixail kilsəsinin təmiri zamanı müsəlman qadınların öz zinət əşyalarını ianə etməsinə diqqət çəkib.

O əlavə edib ki, həmin qadınlardan bunun səbəbi soruşulduqda belə cavab veriblər:

"Tanrının evi yanmış şəhərə bədbəxtlik üz verə bilər. Bu tarixi nümunələr Azərbaycan qadınlarının multikultural ənənələrin və tolerant dəyərlərin qorunması, yaşadılması və inkişafında mühüm rol oynadığını bir daha təsdiqləyir".

Fidan Hacızadə

Editor
Redaktor