Cənubi Sudan rəsmisi ilə Rusiyanın bu ölkədəki səfiri arasında keçirilən görüşdən yayılan foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Lakin görüntünün dəyişdirildiyi, görüşün məzmunu ilə bağlı məlumatların isə təhrif olunduğu üzə çıxıb.
Demokrat.az xəbər verir ki, Cənubi Sudan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Tut Qatluak Manimenin Rusiyanın ölkədəki səfiri Aleksandr Kosmodemyanski ilə görüşü zamanı çəkilən foto müxtəlif iddialarla gündəmə gəlib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən birində Manimenin bədən quruluşunun süni intellekt vasitəsilə nəzərəçarpacaq dərəcədə dəyişdirildiyi müəyyən edilib. Araşdırma aparan istifadəçilər Rusiyanın Cənubi Sudandakı səfirliyinin və Xarici İşlər Nazirliyinin rəsmi resurslarında yayımlanan ilkin fotonu tapıblar. Orijinal görüntü ilə sosial mediada paylaşılan versiya arasında ciddi fərqlərin olduğu məlum olub.
Bununla yanaşı, görüşün Cənubi Sudanda ərzaq təhlükəsizliyi və aclıq problemi ilə əlaqədar keçirildiyi barədə də məlumatlar yayılıb. Ancaq Rusiyanın Xarici İşlər Nazirliyinin açıqlamasında bu məsələlərə toxunulmayıb.
Rəsmi məlumata əsasən, görüşdə tərəflər mövcud əməkdaşlıq layihələrinin icrasını müzakirə edib, ikitərəfli tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
Beləliklə, həm fotoşəkilin dəyişdirilməsi, həm də görüşün məqsədi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyi aydınlaşıb.



