YapiKredi Müraciət Forması
Mazda CX-5
Avto Özəl

Aylar əvvəlki radar cəriməsi qanunidir? — Açıqlama

Aylar əvvəlki radar cəriməsi qanunidir? — Açıqlama

Sürücülərə radar vasitəsilə qeydə alınan yol hərəkəti qaydası pozuntuları ilə bağlı bildirişlərin gec göndərilməsi və sürət həddinin düzgün göstərilməməsi narazılıq yaradır. Bəzi hallarda sürücülər günlər, hətta həftələr əvvəl törədildiyi bildirilən qayda pozuntuları barədə sonradan məlumat alır. Bu isə cərimələrin qanuniliyini və radarların düzgün işləməsini sual altına qoyur.

Radar sürücüyə aylar əvvəl qeydə alınmış cərimə barədə SMS göndərə bilərmi? Bildirişin gec göndərilməsi və radarın yerləşdiyi ərazidə sürət həddinin yanlış göstərilməsi cərimənin qanuniliyinə təsir edirmi?

Demokrat.az-a bu barədə danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, ümumiyyətlə, aylar əvvəl qeydə alınmış cərimənin sürücüyə bildirilməsi, əgər söhbət radar cəriməsindən gedirsə, düzgün deyil:

"Radarın əsas prinsipi də budur ki, sürücü qayda pozuntusu barədə vaxtında məlumatlandırılsın. Burada da şikayətdə qeyd olunduğu kimi, 24 saat ərzində məlumat sürücüyə çatdırılmalıdır. Bunun üçün elektron poçt, ASAN Pay və digər vasitələrdən istifadə etmək mümkündür. Bildiriş imkanları kifayət qədər genişdir. Əvvəllər elektron sistem olmadığından, məlumat poçtla göndəriləndə onun çatmaması, geri qayıtması kimi hallar baş verirdi. Lakin bu gün MyGov-a da inteqrasiya olunub və sürücü cəriməni oradan dərhal görə, hətta ödəyə bilir. Ona görə də cərimənin aylar sonra bildirilməsi, təbii ki, düzgün yanaşma deyil.

Raqif Raufoğlu sürət həddi ilə bağlı narazılıqlara da münasibət bildirib. O vurğulayıb ki, bəzi yollarda sürət həddi çox qısa məsafədə dəyişir. Məsələn, magistral yolda ümumi sürət həddi 90 km/saat olduğu halda, yaşayış məntəqəsi və ya piyada keçidi yaxınlığında bu göstərici 60 km/saata endirilə bilər. Sürücülərin həmin dəyişiklikləri vaxtında görməməsi cərimələnmələrə səbəb olur.

"Məsələn, Şamaxı istiqamətində Abqora və digər kəndlərin ərazisində belə bir hissə var. Həmin yolda standart sürət həddi 90 km/saat olsa da, piyada keçidinin olduğu kiçik bir sahədə sürət həddi 60 km/saata düşür. Bir çox sürücü həmin hissədən 80-90 km/saat sürətlə keçir və orada tez-tez cərimələnir. Quba yolunda da buna bənzər ərazilərin olub-olmadığını dəqiq bilmirəm".

Ekspert radarların səhv ölçmə hallarına çox nadir rast gəlindiyini söyləyib:

"Radarlar vaxtaşırı kalibrlənməli, yoxlanılmalıdır. Əgər radarın ölçməsində sistematik səhv olsaydı, bu, kütləvi şəkildə özünü göstərərdi və çoxsaylı sürücülər bununla bağlı şikayət edərdi. Bəzən sürət göstəricisində cüzi fərqlər də yarana bilər. Məsələn, sürücü düşünür ki, sürət həddi 60 km/saatdır və o, həmin ərazidən 68 km/saat sürətlə keçib. Lakin radar avtomobilin 75 km/saat sürətlə hərəkət etdiyini qeydə alır. Belə 3-5 km/saatlıq fərqlərdə təkərlərin də rolu ola bilər. Sürücü avtomobilə təkər ölçüsünü düzgün seçmədikdə, cihazda göstərilən sürətlə real sürət arasında fərq yaranır. Bununla bağlı xüsusi kalkulyatorlar da var ki, təkər ölçüsünə əsasən göstərici sürətlə real sürət arasındakı fərqi hesablamaq mümkündür. Təkər ölçüsündən asılı olaraq bu fərq 5-6 km/saat və ya daha çox ola bilər. Belə hallar az olsa da, mümkündür. Ancaq bu konkret hadisə həmin hallardan fərqlidir. Əgər məsələ iddia edildiyi kimidirsə, sürücü mütləq şikayət verməli və hüquqlarından istifadə etməlidir".

Fidan Hacızadə

Editor
Redaktor