Elektrik avtomobillərinin daha geniş yayılmasına mane olan əsas amilin yüksək qiymət və enerji doldurma məntəqələrinin azlığı deyil, bu nəqliyyat vasitələri barədə yanlış təsəvvürlər olduğu bildirilir.
Demokrat.az xəbər verir ki, bu nəticə "Global EV Alliance" təşkilatının keçirdiyi beynəlxalq araşdırmada öz əksini tapıb.
"Global EV Driver Survey" 2026 adlı sorğuda 34 ölkədən 29 547 elektrik avtomobili sahibi iştirak edib. Noyabrın 17-də açıqlanan nəticələrə əsasən, respondentlərin 74 faizi elektromobillərin yayılmasına mane olan əsas səbəblərdən biri kimi bu avtomobillər haqqında dezinformasiya və mifləri göstərib.
Müqayisə üçün, iştirakçıların 49 faizi elektromobillərin baha olmasını, 47 faizi isə yaşayış binalarında enerji doldurma məntəqələrinin quraşdırılması ilə bağlı çətinlikləri əsas problem hesab edib.
Sürücüləri ən çox hansı miflər narahat edir?
Sorğuda iştirak edənlərin 72 faizi elektrik avtomobillərinin batareyalarının qısa müddətdə sıradan çıxdığına dair fikirləri geniş yayılmış yanlış təsəvvürlər sırasında göstərib. Respondentlərin 58 faizi elektromobillərin daha tez-tez yanması ilə bağlı narahatlıqları, 45 faizi isə bu nəqliyyat vasitələrinin kütləvi istifadəsinin elektrik təchizatında ciddi problemlər yarada biləcəyi iddiasını qeyd edib.
Maraqlıdır ki, elektromobil sahiblərinin şəxsi təcrübəsi batareyanın ömrü ilə bağlı narahatlıqların heç də hamısının əsaslı olmadığını göstərir. Belə ki, sorğuda iştirak edənlərin 65 faizi akkumulyatorun nə qədər müddət işləyəcəyindən narahat olmadığını bildirib. Yalnız 18 faiz bu məsələdən ehtiyat etdiyini deyib.
"Global EV Alliance" xatırladır ki, bir çox avtomobil istehsalçısı elektrik avtomobillərinin batareyalarına səkkiz ilədək zəmanət verir. Bununla belə, araşdırma akkumulyatorların real istismar müddətini və uzun illər ərzində davranışını dəqiq müəyyənləşdirmir.
Təşkilatın rəhbər komitəsinin üzvü Ellen Hipe hesab edir ki, elektromobillərin texnoloji imkanları barədə məlumat çatışmazlığı insanların bu nəqliyyat vasitələrinə münasibətinə təsir göstərməkdə davam edir. Onun fikrincə, elektrik avtomobillərinə keçid üçün təkcə qiymətlərin aşağı salınması və infrastrukturun genişləndirilməsi kifayət deyil, eyni zamanda ictimaiyyətə texnologiyanın imkanları və məhdudiyyətləri barədə düzgün məlumat verilməlidir.
Araşdırmanın nəticələri bütün sürücüləri əhatə etmir
Sorğunun nəticələrini ümumiləşdirərkən müəyyən metodoloji məqamlar da nəzərə alınmalıdır. Tədqiqatda iştirakçılar təsadüfi seçilməyib. Sorğu sentyabr və oktyabr aylarında onlayn keçirilib və əsasən elektromobil istifadəçilərinin birlikləri və icmaları vasitəsilə təşkil olunub.
Üstəlik, iştirakçıların ölkələr üzrə bölgüsü də bərabər olmayıb. Ən çox cavab Norveçdən daxil olub – 14 643 nəfər. Bu, ümumi iştirakçı sayının təxminən yarısıdır.
Təşkilat yekun nəticələrin hesablanmasında ölkələrin dünya elektromobil parkındakı payına uyğun çəkiləndirmə tətbiq edib. Buna görə də araşdırma elektrik avtomobili sahiblərinin fikirlərini əks etdirsə də, bütün sürücülərin münasibətini tam şəkildə ifadə etmir.



