Türkiyə rok musiqisi daha bir ağır itki ilə üzləşib. Rok və metal musiqisinin tanınmış ifaçılarından Asena Özçetin 53 yaşında yol qəzasında həyatını itirib.
Demokrat.az xəbər verir ki, sənətçinin vəfatı uzun illər solisti olduğu "Karakedi" qrupu tərəfindən sosial şəbəkədə elan edilib.
1999-cu ildən "Karakedi" qrupu ilə səhnəyə çıxan Asena Özçetin Türkiyənin rok və metal musiqi səhnəsində özünəməxsus yer tutub. O, karyerası ərzində "Cats" və "Dragonborn" kimi musiqi qrupları ilə də əməkdaşlıq edib.
Sənətçi qrup fəaliyyətindən əlavə solo yaradıcılıqla da məşğul olub. Onun "Uçurumlar Arasında" adlı albomu dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Asena Özçetinin qəfil vəfatı musiqi ictimaiyyətində kədər yaradıb.
Qeyd edək ki, sənətçinin hansı şəraitdə qəzaya düşdüyü barədə hələlik ətraflı məlumat açıqlanmayıb.





