Türkiyəli müğənni və aktyor Emre Altuğ İzmirin Çeşmə rayonunda yerləşən mülkündə qanunsuz tikinti aparmaqda ittiham olunur. Çeşmə Bələdiyyəsinin şikayəti əsasında başlanan istintaq nəticəsində sənətçi barəsində cinayət işi açılıb. Prokurorluq onun 3 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilməsini tələb edib.
Demokrat.az xəbər verir ki, ittiham aktına əsasən, Altuğa məxsus daşınmaz əmlakda aparılan yoxlamalar zamanı hovuz, texniki otaq, beton bloklardan hörülmüş divarlar və bir neçə birmərtəbəli tikili aşkarlanıb. Bələdiyyə sözügedən ərazinin qorunan tarixi-təbii zona statusuna malik olduğunu və tikililərin müvafiq icazələr alınmadan inşa edildiyini iddia edib.
Bildirilib ki, sənətçi ona verilən müddət ərzində qanunsuz tikililərlə bağlı pozuntuları aradan qaldırmayıb. Bu səbəbdən bələdiyyə tərəfindən söküntü tədbirləri həyata keçirilib və məsələ hüquq-mühafizə orqanlarına təqdim olunub.
Emre Altuğ isə ittihamları qəbul etməyib. O, bələdiyyə icraiyyə komitəsinin qərarının ona qanunsuz şəkildə təqdim edildiyini iddia edərək qərarın ləğvi üçün məhkəməyə müraciət etdiyini bildirib.
Sənətçi müdafiəsində ərazinin qorunan zona olduğunu və belə ərazilərdə tikinti icazələrinin verilməsinin bələdiyyənin səlahiyyətinə aid olmadığını vurğulayıb.
Altuğ həmçinin Türkiyənin Dövlət Su İşləri Baş İdarəsinin 2-ci Regional Müdirliyindən tikinti ilə bağlı rəy aldığını bildirib. Onun sözlərinə görə, həmin rəydə ərazidə tikinti aparılmasına hər hansı maneənin olmadığı qeyd edilib.
Qeyd edək ki, prokurorluq Emre Altuğun Mədəni və Təbii Sərvətlərin Mühafizəsi haqqında Qanunu pozmaqda və imar qanunvericiliyinə zidd tikinti aparmaqda ittiham olunaraq 3 ildən 10 ilədək həbs cəzasına məhkum edilməsini istəyir. İş üzrə yekun məhkəmə qərarı hələ açıqlanmayıb.



