Bir vaxtlar alıcı izdihamının yaşandığı Sədərək Ticarət Mərkəzində indi satıcılar müştəri qıtlığından şikayətlənirlər. Əvvəllər böyük tələbat olan geyim məhsullarının satışının azalması, sahibkarların icarə və digər xərclərini qarşılamaqda çətinlik çəkməsinə səbəb olur.
Bəs Sədərək kimi böyük ticarət mərkəzlərində alıcı sayının azalmasının əsas iqtisadi səbəbləri nələrdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, Sədərək Ticarət mərkəzində müştəri qıtlığının olması sadəcə satıcıların iddialarıdır.

O bildirib ki, rəsmi sənəd olmadığı halda bu cür fikirlərin səsləndirilməsi heç bir əsas daşımır:
"Əksər mağazalarda satış qəbzi, faktura və POS-terminal yoxdur. Hətta bir çox dükanın icarə müqaviləsi belə mövcud deyil. Elektron ticarət ,həmçinin xarici ticarət platformalarından alışların həcmi artdığı üçün ənənəvi ticarətdə satışın həcmi müəyyən qədər azalmış ola bilər.Lakin reallıqda isə situasiya fərqlidir. Əslində səsləndirilən iddiaların öz əksini tapması üçün Dövlət Vergi xidməti və Maliyyə nazirliyi monitorinqlər aparsa bu zaman real rəqəmlər üzərindən analiz aparmaq mümkündür.
Əgər ənənəvi ticarət məkanlarına əvvəlki kimi alıcı gəlmirsə, sahibkarlar alternativ satış üsullarına üstünlük verə bilərlər. Məsələn, mağaza üçün yüksək icarə haqqı ödəmək əvəzinə, anbar icarəyə götürərək elektron ticarət və sosial şəbəkələr vasitəsilə satış həyata keçirmək mümkündür. Bu, sahibkarın xərclərini azaltmaqla yanaşı, məhsulları daha münasib qiymətə təklif etməsinə də şərait yarada bilər.
Bir çox istehlakçının sosial şəbəkələrdə şəhər mağazalarında satılan məhsulların Sədərək Ticarət Mərkəzindən daha ucuz olduğunu qeyd etdiyini görürük. Halbuki şəhər daxilində obyektlərin icarə xərcləri Sədərəklə müqayisədə daha yüksəkdir. Nəzərə almaq lazımdır ki, satılan məhsulların əksəriyyəti idxal hesabına formalaşır. Bu baxımdan sahibkarlar satış modelini dəyişərək əlavə xərcləri azaltmağa çalışmalıdırlar".



