Bakının Nərimanov rayonunda 33 yaşlı kişi tanışına xəsarət yetirməkdə və narkotik vasitə saxlamaqda ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü Bədirxan 2025-ci il iyunun 30-da, gecə saat 02 radələrində onunla müvəqqəti yaşayan tanışı Zamiqlə (adlar şərtidir – red.) mənzilin qonaq otağında, masa arxasında yemək yeyib və spirtli içki qəbul edib.
Bundan sonra aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Zamiqin onun ünvanına nalayiq ifadələr işlətməsinə görə Bədirxan qisas almaq məqsədilə masa üzərindəki mətbəx bıçağını götürərək Zamiqin qarın və bud nahiyələrinə zərbələr endirib.
Bundan başqa, Bədirxanın istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,331 qram olan metamfetamin adlı psixotrop maddəni qanunsuz olaraq əldə edərək üzərində saxladığı müəyyən edilib.
Bədirxan barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Bədirxan özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2025-ci il iyunun 30-da, gecə saat 02 radələrində Zamiqlə evin qonaq otağında yemək yeyib, spirtli içki qəbul etdiyi vaxt sonuncunun tanışları Əhlimanın yanında onu ələ salırmış kimi bir neçə gün əvvəl məhəllədə baş verən mübahisə zamanı tanımadığı şəxsin onu qapazladığını və sındırdığını deməsi onun acığına gəlib:
"Mən Zamiqə irad bildirərək, orada qapazlanmalı heç nə olmadığını və həmin şəxsin haqlı olduğunu, bu səbəbdən də onunla mübahisəni davam etdirmədiyimi bildirdim. Zamiq isə həmin şəxsin mənim yaxamdan tutaraq itələdiyini, mənim isə qorxaraq ondan üzr istədiyimi dedi.
Həqiqətən də həmin hadisədə günah məndə olduğundan, həmin şəxs gecə vaxtı binanın qarşısında ucadan danışdıqları üçün onlara kobud şəkildə haqlı irad bildirdikdə, mən həmin şəxsə səhvini anladığımı və kobud şəkildə hər hansı söz deməsinə ehtiyac olmadığını dediyim vaxt o, yaxamdan tutub məni itələdi. Bundan sonra həmin şəxsdən bir daha üzr istəyərək haqlı olduğunu dedim. Zamiq də bu məsələyə qarışmadı.
Mən bunları izah etsəm də, Zamiq kinayəli şəkildə mənə lağ etdi, Əhlimanın yanında məni alçaltdı. Zamiqə əgər nəsə etmək lazım olduğunu hesab edirdisə, bunu nə üçün etmədiyini söylədim. O, həmin şəxs onunla danışdığına görə kənarda qaldığını bildirdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Əhlimandan Zamiqin yerində olsaydı, kənarda qalıb-qalmayacağını soruşub:
"Əhliman orada olsaydı, məni mübahisədə tək qoymayacağını dedi. Əhlimanın da bu cür danışması Zamiqi əsəbiləşdirdi. O, özündən çıxdı və əsəbi halda evdən çıxacağını söylədi.
Mən də Zamiqə minnət vurmamasını, evdən çıxmasını deyənin olmadığını, lazım olsa, özünün də gedə biləcəyini söylədim. Zamiq də evdən çıxacağını dedi və paltarlarını yığmağa başladı. Mən isə Zamiqə ‘Lazım gəlsə, çıxaram, lazım gəlməzsə, yox" cavabını verdim.
Bu vaxt o, ‘var-yox söyüşü söymüsən, yəqin ki, söyüşü yeməzsən, çıxarsan" dedi. Mən isə söyüş söymədiyimi bildirdim. Bu zaman Əhliman mövzunu çox uzatmamağı deyərək sanitar qovşağına getdi.
Əhliman getdikdən sonra Zamiq məni nəzərdə tutaraq söyüş söyənin ünvanına ana, bacı, var-yox söyüşləri söydü, nalayiq ifadələr işlətdi. Mən də buna görə Zamiqə irad bildirsəm də, o, yenidən eyni söyüşləri söydü.
Zamiq evdən çıxması üçün özünə söyüş qoyduğunu təkidlə dedi, məni nəzərdə tutaraq bu söyüşü söyənin ünvanına söyüşlər söydü. Zamiq dedi ki, keçən dəfə məhəllədə qapazlanan zaman qorxaraq həmin şəxsə cavab verə bilməyib, şərəfsizliyə atdığın kimi bu dəfə də öz söyüşünü yeyib, şərəfsizliyə ataraq evdən çıxmazsan.
Zamiq həmin vaxt oturduğum masanın başında dayanmışdı. Onun bu sözləri artıq səbrimi tükətdi. Zamiq bütün bu davranışları ilə məni özündən çıxardı.
Zamiq bu sözləri dedikdən sonra masanın üzərindən mətbəx bıçağını götürdüm və ayağa qalxaraq onun böyründən bıçaqla bir dəfə vurdum. Bu zərbədən sonra Zamiq masaya tərəf dönərək əlini onun üzərinə atdı. Zamiqin masadan bıçaq, çəngəl və ya başqa əşya götürərək mənə xəsarət yetirə biləcəyini düşündüyümdən müqavimətini qırmaq məqsədilə bir dəfə də ayaq nahiyəsindən vurdum.
Bundan sonra Zamiqin ‘Yaxşı, yaxşı" dediyini eşitdim. Onun olduğu yerdə qaldığını və mənə tərəf dönmədiyini gördüm. Bu zaman bıçağı yerə ataraq mənzildən çıxdım".
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Zamiq onun həmkəndlisidir və əvvəllər aralarında ədavət və düşmənçilik olmayıb. Onun sözlərinə görə, Zamiqlə kirayədə birlikdə yaşayıb.
O, ifadəsində digər epizodla, yəni narkotik vasitə ilə bağlı ittihamı da qəbul etdiyini bildirib. Təqsirləndirilən şəxs həmçinin üzərindən aşkarlanmış psixotrop maddənin ona məxsus olduğunu etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bədirxan 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli



