Yeni rəhbər təyinatından sonra komandada dəyişikliklər, yeni kadrların cəlb olunması və iş prinsiplərinin yenilənməsi tez-tez gündəmə gəlir. Bəzi rəhbərlər etibar etdikləri, uzun müddətdir tanıdıqları şəxslərlə işləməyə üstünlük verir, digərləri isə peşəkar təcrübə və ixtisası əsas götürərək mütəxəssislərə üstünlük verir.
Yeni rəhbər təyinatından sonra komandada yaxın və etibarlı şəxslərlə işləmək daha doğrudur, yoxsa peşəkar mütəxəssislərə üstünlük verilməlidir?
İnsan resursları üzrə menecer Röyal Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, yeni rəhbər təyinatından sonra komandada dəyişikliklərin edilməsi, yeni əməkdaşların cəlb olunması və iş prinsiplərinin yenilənməsi təbii prosesdir:

"Lakin burada əsas məsələ rəhbərin kiminlə işləmək istəməsi deyil, təşkilatın hansı əməkdaşlarla daha səmərəli nəticələr əldə edə biləcəyidir. Mənim fikrimcə, yeni rəhbər ilk növbədə peşəkar mütəxəssislərə, onların bilik və bacarıqlarına, iş təcrübəsinə və nəticələrinə üstünlük verməlidir. Yaxın və etibarlı şəxslərlə işləmək müəyyən üstünlüklər yarada bilər. Çünki rəhbər həmin insanları əvvəlcədən tanıyır, onların iş üslubunu, yanaşmasını və davranış xüsusiyyətlərini bilir. Bu da ilkin mərhələdə qarşılıqlı anlaşmanı və etimadı asanlaşdıra bilər. Ancaq şəxsi tanışlıq peşəkarlığın və ixtisas uyğunluğunun əvəzi olmamalıdır. Burada vacib bir məqam var ki, etibar və peşəkarlıq bir-birinə alternativ anlayışlar deyil. Ən yaxşı seçim həm etibarlı, həm də öz sahəsində peşəkar olan əməkdaşlarla işləməkdir. Rəhbər yalnız ona yaxın olduğu üçün bir şəxsi vəzifəyə gətirirsə, bu, digər əməkdaşlarda ədalətsizlik və ayrı-seçkilik hissi yarada bilər. Nəticədə komandanın motivasiyası aşağı düşə, iş mühiti zəifləyə və təşkilat daxilində sağlam rəqabət pozula bilər".
Mütəxəssis əlavə edib ki, digər tərəfdən, yeni rəhbərin vəzifəyə təyin olunduqdan sonra əvvəlki komandanı tamamilə dəyişməsi də düzgün yanaşma deyil:
"Çünki uzun müddət həmin təşkilatda çalışan əməkdaşlar müəssisənin daxili proseslərini, iş prinsiplərini, mövcud problemlərini və inkişaf imkanlarını yaxşı tanıyırlar. Bəzən yeni rəhbərin axtardığı təcrübə və institusional bilik artıq mövcud komandada olur. Sadəcə həmin potensialı düzgün qiymətləndirmək lazımdır. Mən hesab edirəm ki, yeni rəhbər ilk növbədə mövcud komandanı təhlil etməli, əməkdaşların fəaliyyətini, nəticələrini, səriştələrini və vəzifəyə uyğunluğunu qiymətləndirməlidir. Bundan sonra hansı istiqamətlərdə yeni mütəxəssislərə ehtiyac olduğunu müəyyənləşdirməlidir. Əgər mövcud komandada lazımi kompetensiyalar yoxdursa, yeni kadrların cəlb olunması tamamilə əsaslıdır. Rəhbərin uğuru ətrafına yalnız özünə yaxın insanları toplaması ilə deyil, fərqli bacarıqlara malik mütəxəssisləri vahid məqsəd ətrafında birləşdirə bilməsi ilə ölçülür. Rəhbər öz komandasında etibar etdiyi insanlarla işləyə bilər, lakin bu etibar peşəkarlıq, səriştə və obyektiv qiymətləndirmə ilə tamamlanmalıdır. Çünki şirkətlər şəxsi münasibətlərlə deyil, düzgün seçilmiş və effektiv idarə olunan komandalarla inkişaf edir".



