YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Sevdiyiniz rəng intellekt səviyyəniz haqqında nə deyir? - ARAŞDIRMA

Sevdiyiniz rəng intellekt səviyyəniz haqqında nə deyir? - ARAŞDIRMA

İnsanların geyim seçimində üstünlük verdiyi rənglər onların xarakter xüsusiyyətləri və emosional vəziyyəti ilə bağlı müəyyən ipucları verə bilər. Araşdırmalara görə, bəzi rəngləri sevən insanlar müəyyən şəxsiyyət xüsusiyyətlərinə, o cümlədən yüksək məntiqi düşünmə qabiliyyətinə daha çox meyilli ola bilərlər.

Demokrat.az xəbər verir ki, bu barədə "Psychologies" nəşrində dərc olunan araşdırmada məlumat verilib.

Tədqiqatçılar mavi, qırmızı, qara və ağ kimi rənglərə üstünlük verən insanların xarakter xüsusiyyətləri arasında mümkün əlaqələri araşdırıblar. Nəticələrə əsasən, beş fərqli şəxsiyyət tipi ilə müəyyən rəng seçimləri arasında əlaqə müşahidə olunub.

Araşdırmada qeyd edilir ki, intizamlı, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan insanlar daha çox ağ və mavi kimi sakit, klassik rənglərə üstünlük verirlər. Ünsiyyətcil və ekstravert xarakterli şəxslər isə qırmızı və narıncı kimi parlaq, diqqətçəkən rəngləri seçməyə meyillidirlər.

"Psychological Bulletin" jurnalında dərc olunan başqa bir araşdırmada isə ekstraversiya ilə maye intellekt arasında mümkün əlaqə müəyyən edilib. Maye intellekt insanın yeni vəziyyətlərdə məntiqi düşünmək, məlumatları sürətlə təhlil etmək və mürəkkəb problemlərə operativ həll tapmaq qabiliyyətini ifadə edir.

Bununla yanaşı, alimlər emosional qeyri-sabitliyin zehni fəaliyyətə mənfi təsir göstərə biləcəyini bildirirlər. Davamlı stress, narahatlıq və mənfi düşüncələr insanın düşünmə və qərarvermə qabiliyyətini zəiflədə bilər.

Rənglərin emosional vəziyyətə təsiri ilə bağlı araşdırmalar da maraqlı nəticələr ortaya qoyub. Belə ki, açıq rənglər daha çox müsbət emosiyalarla əlaqələndirilir. Qara və boz kimi tünd çalarlar isə mənfi emosiyalarla bağlı ola bilər.

Qırmızı, narıncı və sarı rənglər daha güclü müsbət emosiyalar yarada bildiyi halda, mavi, yaşıl və ağ rənglər sakitlik və rahatlıq hissi ilə əlaqələndirilir. Çəhrayı rəngin də müsbət emosional reaksiyaları gücləndirdiyi qeyd olunur.

Bununla belə, mütəxəssislər sevimli rənglə insanın IQ səviyyəsi arasında birbaşa əlaqənin tam təsdiqlənməsi üçün əlavə elmi araşdırmalara ehtiyac olduğunu vurğulayırlar. Başqa sözlə, insanın geyimində hansı rəngə üstünlük verməsi onun intellekt səviyyəsini müəyyən etmək üçün etibarlı meyar hesab edilə bilməz.