Soyuqdəymə zamanı özbaşına antibiotik qəbul etmək sağlamlıq üçün ciddi fəsadlara yol aça bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu dərmanların düzgün istifadə edilməməsi bakteriyaların antibiotiklərə qarşı davamlılığını artırır.
Demokrat.az xəbər verir ki, qrip və digər virus infeksiyaları zamanı antibiotik qəbul etmək faydasızdır. Çünki bu dərmanlar viruslara deyil, bakteriyalara qarşı təsir göstərir.
Antibiotiklərin həkim göstərişi olmadan qəbulu orqanizmdəki faydalı mikroorqanizmlərin tarazlığını poza, həmçinin dərmanlara davamlı bakteriyaların yaranmasına şərait yarada bilər.
Antibiotiklərə davamlılıq artdıqda əvvəllər asanlıqla müalicə olunan bakterial infeksiyalarla mübarizə çətinləşir. Bu isə xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün əlavə təhlükə yaradır.
Həkimlər antibiotikləri yalnız tibbi göstəriş əsasında qəbul etməyi, müalicənin dozasını və müddətini özbaşına dəyişməməyi tövsiyə edirlər.
Qeyd edək ki, soyuqdəymə və qrip əlamətləri zamanı düzgün müalicə üsulunu müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir.



