Braziliyanın keçmiş prezidenti Jair Bolsonaruda kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub.
Demokrat.az xəbər verir ki, bu barədə CNN Brasil paytaxt Braziliyada sabiq dövlət başçısının müalicə aldığı klinikanın tibbi bülleteninə istinadən məlumat yayıb.
Məlumata görə, Bolsonaru hazırda reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər onun vəziyyətini kliniki baxımdan stabil qiymətləndirirlər. Keçmiş prezident dərman müalicəsi alır, həkimlərin göstərişinə əsasən qida qəbul etmir və zəruri tibbi dəstəklə təmin olunur.
Noyabrın 20-də Jair Bolsonarunun oğlu Karlos Bolsonaru atasının həbsxanadan güclü qarın ağrıları ilə tibb müəssisəsinə aparıldığını açıqlamışdı. O, atasının səhhətində yaranan problemləri həbs şəraitində hərəkət məhdudiyyəti və gündəlik psixoloji təzyiqlə əlaqələndirmişdi. Karlos Bolsonaru Ali Məhkəmənin hakimi Aleşandri di Moraisi də atasının həyatı üçün təhlükə yaratmaqda ittiham etmişdi.
Xatırladaq ki, Jair Bolsonaru 2025-ci ilin sentyabrında dövlət çevrilişinə cəhd işi üzrə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 2026-cı ilin martında isə səhhəti ilə əlaqədar müvəqqəti olaraq ev dustaqlığına keçirilib.



