Restoran və kafelərdə hesab təqdim edilərkən sifariş edilən yemək və içkilərin qiymətindən əlavə servis haqqının da tələb olunması müştərilər arasında narazılıq yaradan məsələlərdən biridir. Bəzi hallarda vətəndaşlar sifariş zamanı belə bir ödəniş barədə məlumatlandırılmır, əlavə məbləğin tutulduğunu isə yalnız hesabı ödəyərkən öyrənirlər. Xüsusilə ümumi hesabın üzərinə 10-15 faiz xidmət haqqının əlavə edilməsi müştərilərin haqlı suallarına səbəb olur.
Bəs restoran rəhbərliyi müştəridən əvvəlcədən məlumat vermədən əlavə servis haqqı tələb edə bilərmi? Menyuda qeyd olunmayan ödənişin hesabda göstərilməsi qanunidirmi?
Demokrat.az xəbər verir ki, bu məsələ Azərbaycan qanunvericiliyində istehlakçı hüquqlarının müdafiəsi və ictimai iaşə xidmətlərinin göstərilməsi qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 23.17-ci bəndinə əsasən, ictimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq istehlakçılara əlavə ödənişli xidmətlər göstərə bilərlər.
Lakin həmin xidmətlərin dəyəri menyuda və ya qiymət cədvəlində (preyskurantda) əks etdirilməlidir. Eyni zamanda, istehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir.
Bu o deməkdir ki, restoran əlavə xidmət haqqı müəyyən edə bilər, lakin onun məbləği və ya tətbiq qaydası müştəriyə əvvəlcədən aydın şəkildə bildirilməlidir. Müştərinin sifarişindən və xidmət göstərildikdən sonra əvvəldən açıqlanmayan əlavə ödənişin hesaba daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.
Digər tərəfdən, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, istehlakçı aldığı xidmətin qiyməti və şərtləri barədə zəruri və düzgün məlumat əldə etmək hüququna malikdir.
Belə hallarla qarşılaşan vətəndaşlar əvvəlcə restoran rəhbərliyinə müraciət edərək əlavə ödənişin hüquqi əsasını və əvvəlcədən harada göstərildiyini soruşa bilərlər. Problem həllini tapmadıqda isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etmək mümkündür.
Beləliklə, restoranlarda servis haqqının tutulması özlüyündə qadağan deyil. Lakin əlavə ödənişin müştəriyə əvvəlcədən bildirilməsi, qiymətinin açıq göstərilməsi və məcburi əlavə xidmətlərin tətbiq edilməməsi qanunvericiliyin əsas tələblərindəndir.



