YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

ABŞ-da qadın 21 ildən sonra cinayətini etiraf etdi - Həbs olunmaya bilər

ABŞ-da qadın 21 ildən sonra cinayətini etiraf etdi - Həbs olunmaya bilər

ABŞ-da 2005-ci ildə yeni doğulmuş körpəsinin meyitini hava limanının tualetindəki zibil qutusuna atan qadın 21 il sonra cinayətini etiraf edib. O, yüngülləşdirilmiş cəza razılaşması sayəsində həbsə düşməyə də bilər.

Demokrat.az xəbər verir ki, hadisə 2005-ci ildə Arizona ştatının Finiks şəhərindəki Sky Harbor Beynəlxalq Hava Limanında baş verib.

53 yaşlı Enni Anderson həmin vaxt körpəsinin meyitini qadınlar tualetindəki zibil qutusuna atıb. ABŞ-da böyük rezonans doğuran hadisə ilə bağlı istintaq 2021-ci ildə yenidən başladılıb. Araşdırma zamanı qohumlarından birinin DNT nümunəsi təqdim etməsindən sonra Anderson 2023-cü ildə saxlanılıb.

Məhkəmə-tibbi ekspertiza körpənin ölü doğulmadığını, dünyaya gəldikdən sonra təxminən 24 saat yaşadığını müəyyən edib. Bu səbəbdən qadına ilkin olaraq qətl və uşağa qarşı zorakılıq ittihamları irəli sürülüb.

Anderson ifadəsində hamilə olduğundan xəbərsiz olduğunu iddia edib. O bildirib ki, Arizona ştatına səfəri zamanı oteldəki vannada uşaq dünyaya gətirib. Körpənin öldüyünü düşündüyünü deyən qadın onun cəsədini əvvəlcə kürək çantasına qoyub, daha sonra hava limanına aparıb. Təhlükəsizlik yoxlamasından ölü körpə ilə keçə bilməyəcəyini anlayanda isə cəsədi tualetdəki zibil qutusuna atıb.

Marikopa dairəsinin Ali Məhkəməsində keçirilən prosesdə hakim Emi Kalman qadına xəbərdarlıq edib ki, razılaşmanı qəbul etməyəcəyi təqdirdə birinci dərəcəli qətl ittihamı ilə ömürlük həbs cəzası ala bilər.

Nəticədə Anderson səhlənkarlıq nəticəsində ölümə səbəb olma ittihamını qəbul edib. Razılaşmaya əsasən, ona 1 ildən 3 ilədək həbs cəzası verilə və ya şərti azadlığa buraxıla bilər. Sonuncu halda həbs müddəti bir ildən çox olmayacaq.

Prokuror Şon Staynberq bildirib ki, qadının hadisə zamanı əvvəllər məhkumluğunun olmaması cəzanın yüngülləşdirilməsi təklifində nəzərə alınıb. Bununla belə, o, körpənin diri doğulduğunu vurğulayaraq, ananın uşağa kömək etmək və onun vəziyyətini yoxlamaq öhdəliyinin olduğunu qeyd edib.

Andersonun yekun cəzası ilə bağlı məhkəmə iclası 2027-ci il fevralın 5-nə təyin olunub. Həmin vaxta qədər qadın elektron nəzarət altında saxlanılacaq. O, 2024-cü ilin sonlarından həbsdə olub, sonradan abort hüquqlarını müdafiə edən təşkilatın ödədiyi 200 min dollarlıq girov müqabilində azadlığa buraxılıb.