Böyük Britaniya taxtının varisi Şahzadə Uilyam kral olduqdan sonra monarxiyada köklü dəyişikliklər etməyi planlaşdırır. Bu dəyişikliklər qardaşı Şahzadə Harri və onun ailəsinin kral titullarından məhrum edilməsini də əhatə edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri kral ailəsi üzrə ekspert Tom Sayksın nəşrə hazırlaşan yeni kitabına istinadən məlumat yayıb.
Məlumata görə, Uilyam taxta çıxdıqdan sonra islahatları həyata keçirməyi düşünür. Plan reallaşarsa, Şahzadə Harri ilə yanaşı, həyat yoldaşı Meqan Markl və övladları Arçi və Lilibet də titullarını itirə bilərlər.
Tom Sayksın "Xaos hersoqları" ("Dukes Of Hazard") adlı kitabında qeyd olunur ki, Uilyam kral titullarını müəyyən vəzifə və öhdəliklərlə əlaqələndirmək istəyir. Bu yanaşmaya əsasən, kral ailəsinin rəsmi fəaliyyət göstərməyən üzvləri titullarını qoruya bilməyəcəklər.
Uilyamın konstitusiya məsələləri üzrə məsləhətçiləri bu məqsədlə kralın hüquqi sənədlərindən – patent fərmanlarından istifadə etməyin mümkün olduğunu düşünürlər.
Bildirilir ki, şahzadə islahatların Britaniya cəmiyyətində dəstək qazanacağına ümid edir. Buna səbəb kral ailəsinin saxlanmasına çəkilən xərclərlə bağlı narazılıq və ailə ətrafında baş verən qalmaqallardır.
Qeyd edək ki, bunlar hələlik mediada yayılan iddialardır. Şahzadə Uilyamın belə bir qərar qəbul etdiyi barədə rəsmi açıqlama yoxdur.



