Amerikalı aktyor Eşton Katçer uğurlu investisiyası sayəsində dünyanın milyarderləri sırasına yüksəlib.
Demokrat.az xəbər verir ki, aktyorun maliyyə uğurunda süni intellekt texnologiyaları hazırlayan "Anthropic" şirkətinə yatırdığı sərmayə mühüm rol oynayıb. "Fortune" nəşri onun şirkətdəki payının dəyərinin 7 milyard dollara çata biləcəyini yazıb.
Bildirilir ki, Katçer "Anthropic"ə 435 milyon dollar investisiya qoyaraq şirkətin təxminən 0,5 faiz səhminə sahib olub. "Claude" süni intellekt köməkçisinin yaradıcısı olan şirkətin bazar dəyəri 1,4 trilyon dollar səviyyəsində qiymətləndirilərsə, aktyorun payı da 7 milyard dollar təşkil edə bilər.
Bu arada, aktyor şəxsi həyatı ilə də gündəmdə qalmaqda davam edir. Avqust ayında Eşton Katçer həyat yoldaşı Mila Kunis və 11 yaşlı qızı Uayettlə Beverli-Hillzdə gəzərkən görüntülənib. Ailənin birlikdə ictimaiyyət qarşısına nadir hallarda çıxması diqqətdən yayınmayıb.
Qeyd edək ki, daha əvvəl cütlüyün münasibətlərində problemlər yaşandığına dair iddialar ortaya atılmışdı. Bu vəziyyətin səbəbi kimi Katçerin işlərinin çoxluğu və maliyyə məsələləri göstərilmişdi.
Aktyorun adı reper P. Diddinin keçirdiyi qalmaqallı məclislərlə bağlı xəbərlərdə də hallanıb. Belə ki, onun reperin təşkil etdiyi "ağ məclislər"dən birində çəkilmiş fotoları yayılıb. Bununla belə, həmin fotolar aktyorun hər hansı qanunsuz əməldə iştirak etdiyini təsdiqləmir.



