Tez-tez asqırmaq hər zaman allergiya və ya soyuqdəymə ilə əlaqəli olmaya bilər. Bəzən bu hal daha az rast gəlinən səbəblərdən, o cümlədən temperatur dəyişiklikləri, kəskin qoxular və hətta parlaq günəş işığından qaynaqlana bilər.
Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı otorinolarinqoloq, tibb elmləri namizədi Yevgeni Fuki "Gazeta.Ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, asqırma orqanizmin qoruyucu refleksidir. Bu mexanizm vasitəsilə burun boşluğu selikdən, tozdan, allergenlərdən və digər qıcıqlandırıcılardan təmizlənir. Ardıcıl bir neçə dəfə asqırmaq adətən təhlükəli xəstəliyin əlaməti deyil. Lakin bu hal hər gün təkrarlanırsa və ya həftələrlə davam edirsə, səbəbi araşdırmaq lazımdır.
Mütəxəssis qeyd edib ki, tez-tez asqırmanın ən geniş yayılmış səbəbi allergik rinitdir. Bu zaman burunda qaşınma, şəffaf axıntı, gözlərdə sulanma və qızartı müşahidə olunur. Əlamətlər əsasən bitki tozcuqları, ev tozu, heyvanlar və kiflə təmasdan sonra yaranır. Allergiyadan fərqli olaraq, soyuqdəymə zamanı boğaz ağrısı, halsızlıq, burun tutulması və bəzən qızdırma da olur. Virus infeksiyasının əlamətləri isə adətən bir-iki həftə ərzində azalır.
Həkim asqırmanın daha az məlum olan səbəblərinə də diqqət çəkib. Qeyri-allergik rinit zamanı burun selikli qişası soyuq hava, temperatur və rütubət dəyişiklikləri, tütün tüstüsü, ətirlər və kəskin qoxulara həddindən artıq reaksiya verir. Fiziki hərəkət, spirtli içkilər və acı qidalar da asqırma tutmalarına səbəb ola bilər. Bəzi hallarda hormonal dəyişikliklər və müəyyən dərmanların qəbulu da bu vəziyyətə təsir göstərir.
Fukinin diqqət çəkdiyi qeyri-adi səbəblərdən biri isə işıq refleksi ilə bağlı asqırmadır. Bəzi insanlar qaranlıq məkandan qəfil parlaq günəş işığına çıxdıqda asqırmağa başlayırlar. Bu, allergiya deyil, sinir sisteminin anadangəlmə xüsusiyyətidir. Adətən təhlükəli hesab olunmasa da, avtomobil idarə edərkən belə tutmalar diqqəti bir neçə saniyəlik yayındıra bilər.
Bundan başqa, quru hava, burunda toz və qabıqların yaranması, selikli qişanın mexaniki qıcıqlanması da tez-tez asqırmaya səbəb ola bilər. Burun açıcı damcılardan həkim nəzarəti olmadan uzun müddət istifadə edilməsi də problemi ağırlaşdıra bilər. Bu preparatlar asılılıq və dərman mənşəli rinit yarada bilər.
Həkim vurğulayıb ki, asqırma yuxuya və gündəlik fəaliyyətə mane olursa, bir neçə həftə davam edirsə və ya mütəmadi təkrarlanırsa, otorinolarinqoloq və ya allerqoloqa müraciət edilməlidir. Xüsusilə burundan irinli və ya qanlı axıntı, üz nahiyəsində güclü ağrı müşahidə olunarsa, bu əlamətlər diqqətdən kənarda qalmamalıdır.



