Un istifadə etmədən, cəmi üç əsas ərzaqla yumşaq və kremli teksturaya malik yoqurtlu keks hazırlamaq mümkündür. Həm hazırlanması asan, həm də büdcəyə uyğun olan bu desert çay və qəhvə süfrəsi üçün yaxşı seçimdir.
Demokrat.az xəbər verir ki, "TN Todo Noticias" portalı üç ərzaqla hazırlanan yoqurtlu keksin reseptini təqdim edib.
Reseptin əsasını yoqurt təşkil edir. Məhz onun sayəsində desert nəmli, zərif və kremli tekstura alır. Daha yaxşı nəticə əldə etmək üçün qatı, xüsusilə yunan yoqurtundan istifadə etmək tövsiyə olunur.
Lazım olan ərzaqlar:
- 190-200 qram şəkərli yunan yoqurtu;
- 2 ədəd yumurta;
- 3 xörək qaşığı qarğıdalı nişastası.
Şəkərsiz təbii yoqurt istifadə edilərsə, qarışıma 2-3 xörək qaşığı şəkər əlavə etmək olar. İstəyə görə bir neçə damcı vanil ekstraktı da istifadə edilə bilər.
Hazırlanma qaydası
1. Əvvəlcə sobanı 180 dərəcəyədək qızdırın.
2. İki yumurtanı qaba sındırıb çırpıcı ilə eynicinsli qarışıq alınana qədər qarışdırın.
3. Üzərinə yoqurt əlavə edib yaxşıca qarışdırın.
4. Üç xörək qaşığı qarğıdalı nişastasını ələyərək qarışıma əlavə edin. Topaların yaranmaması üçün yaxşıca qarışdırın.
5. Hazır qarışığı diametri təxminən 12-14 santimetr olan kiçik, əvvəlcədən kərə yağı ilə yağlanmış və ya perqament kağızı ilə örtülmüş soba qabına tökün.
6. Keksi 180 dərəcədə 25-35 dəqiqə bişirin. Kənarları bərkiməli, orta hissəsi isə bir qədər yumşaq qalmalıdır.
7. Sobadan çıxardıqdan sonra desertin soyumasını gözləyin. Daha sonra qəlibdən çıxarıb ən azı iki saat soyuducuda saxlayın.
Vacib məqam: Keksi sobada həddindən artıq saxlamaq olmaz. Əks halda onun zərif və kremli teksturası itə bilər. Sobadan çıxarıldıqda orta hissəsinin bir qədər yumşaq qalması normaldır. Soyuduqca desert lazımi bərkliyə çatacaq.
Hazır keks süfrəyə təkbaşına təqdim edilə bilər. Onu təzə meyvələr, mürəbbə və ya şəkər kirşanı ilə də bəzəmək mümkündür.



