Azərbaycanda rəhbər vəzifələrdə dəyişikliklərdən sonra həmin qurumlarda çalışan bəzi əməkdaşların da işdən çıxarıldığı müşahidə olunur. Yeni rəhbər təyinatları ilə paralel baş verən kadr dəyişiklikləri müxtəlif səbəblərlə izah edilsə də, bu prosesin hansı meyarlar əsasında aparıldığı diqqət çəkir.
Azərbaycanda rəhbər dəyişikliyindən sonra bəzi əməkdaşların işdən çıxarılmasının səbəbi nədir?
Demokrat.az-a bu barədə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu, bir növ sağalmaz xəstəlikdir.
Onun sözlərinə görə, bir çox hallarda məmurun qorunması prinsipinin pozulmasıdır:
"Yeni rəhbər dəyişəndə, təbii ki, məmur və təcrübə prinsipinə xüsusi diqqət yetirilməlidir. Məmurun şəxsiyyətinə dəyər verilməli, ona hörmətlə yanaşılmalıdır. Uyğun olmayan şəxslərin hansısa vəzifəyə gətirilməsinin qarşısını almaq üçün yeni kadrlarla işləmək olar, amma yeni kadrın "mənim adamımdır" və ya "başqasının adamıdır" prinsipi ilə seçilməsi düzgün deyil".
Fazil Mustafa əlavə edib ki, əslində, bu məsələ dəfələrlə dilə gətirilsə də, hələ də lazımi səviyyədə həllini tapmayıb:
"Bu isə təəssüf doğurur, çünki belə hallarda ən layiqli kadrları itirmiş oluruq".



