Bakının Xəzər rayonunda 38 yaşlı kişi həmcinsinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 iyul 2025-ci il tarixində Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dəniz kənarında baş verib.
Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1988-ci il təvəllüdlü Qurban həmin gün saat 18:20 radələrində Şüvəlan qəsəbəsində yerləşən adsız çimərlikdə ailəsi ilə birlikdə istirahət edərkən mobil telefonla qohumu ilə görüntülü danışıb. Bu zaman motosikletlə oradan keçən, əvvəllər tanımadığı Elman onların yaxınlığında motosikletini dayandırıb.
Elman motosikletdən düşərək Qurbanın üzərinə gəlib və onu mobil telefonla nə üçün videoya çəkdiyinə görə kobud şəkildə danlayıb. Qurban isə telefonla görüntülü danışdığını və onu çəkmədiyini bildirib.
Daha sonra aralarında yaranan mübahisə zamanı Elman digər şəxslərin gözü qarşısında başı ilə Qurbanın üz nahiyəsinə zərbə endirərək onu yerə yıxıb. Bu zaman Qurban ictimai yer olan çimərlikdə Elmana zor tətbiq edərək yaxasından tutub və onunla əlbəyaxa olub. O, Elmanı dartaraq özü ilə birlikdə yerə yıxıb, sağ qulağını qəsdən dişləyərək xəsarət yetirib.
Qurban barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Qurban ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2025-ci il iyulun 10-da ailə üzvləri ilə birlikdə Şüvəlan qəsəbəsində dəniz kənarında yerləşən çimərliyə gedib:
"Saat 18:20 radələrində dəniz kənarında mobil telefonla yaxın qohumlarımla görüntülü danışarkən bir nəfər motosikletlə yaxınlaşaraq ‘Telefonla məni niyə çəkirsən?" dedi. Mən də telefonu həmin şəxsə göstərdim və görüntülü danışdığımı izah etdim. Lakin həmin şəxs mənə inanmadı və bildirdi ki, bir neçə gün bundan əvvəl bir nəfər onu var-yox söyüşləri ilə təhqir edərək çəkib.
Mən də həmin şəxsə dedim ki, ağzının danışığını bilsin, onu çəkəni də tanımadan danışmasın. Həmin vaxt tanımadığım şəxs sürdüyü motosikletdən düşdü və heç nə demədən mənə yaxınlaşaraq kəllə ilə üz nahiyəmə zərbə endirdi. Zərbə nəticəsində burnumdan qan açıldı. Burnuma dəyən zərbədən sonra huşumu itirərək yerə yıxılmaq istəyəndə özümü ələ aldım və həmin şəxsdən yapışaraq onu yerə yıxdım. Yerdə onun sağ qulağını dişlədim".
İş üzrə zərərçəkmiş Elmanın sözlərinə görə, hadisə günü saat 18:20 radələrində Şüvəlan qəsəbəsində, dəniz kənarında yerləşən çimərlikdə icarəyə götürdüyü motosikletlə hərəkətdə olarkən bir nəfərin əlində telefonla onu çəkdiyini güman edib və həmin şəxsə yaxınlaşaraq nə üçün onu çəkdiyini soruşub:
"Bu zaman həmin şəxs mənə nalayiq sözlər işlətdi. Bu sözlərdən sonra özümdən çıxaraq motosikletdən düşdüm və həmin şəxsin üzərinə gedərək kəlləmlə üz nahiyəsinə zərbə endirdim. Aramızda baş verən dava-dalaş zamanı həmin şəxs məni yerə yıxaraq sağ qulağımı dişlədi və xəsarət yetirdi. Sonra kənarda olan şəxslər bunu görərək bizi ayırdılar. Qulağımdakı xəsarətlə bağlı 3 saylı şəhər xəstəxanasına müraciət etdim".
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli



