Masallı rayonunda 20 yaşlı oğlan dayısına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun kəndlərindən birində baş verib. 2000-ci il təvəllüdlü Aqil kənddə yaşadığı fərdi yaşayış evinin həyətində anası Təhminə ilə dayısı Ramilin (adlar şərtidir – red.) mübahisə etdiklərini görüb.
Bu zaman 20 yaşlı oğlan dayısının anasını təhqir etdiyini və onun üzərinə gedərək döyməklə hədələdiyini düşünüb. Bu səbəbdən dayısı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o, dayısını yumruq və kəllə zərbələri ilə vuraraq döyüb.
Aqil barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə şahid qismində ifadə verən Təhminənin sözlərinə görə, əri Famil vəfat etdikdən sonra 2010-cu ildən atasının evində yaşamağa başlayıb:
"Qardaşım Ramil də bizimlə birlikdə yaşayıb. Münasibətlərimiz elə də pis olmayıb. Qardaşım bəzən adi hadisələrə görə mübahisə edib, məni çox danlayıb".
Təhminə qeyd edib ki, sonuncu dəfə, hadisə günü saat 16 radələrində yaşadıqları fərdi yaşayış evinin həyətində yuyulmuş paltarları ipə sərib:
"Bu zaman qardaşım Ramil evə gəldi. Evə daxil olduqdan iki dəqiqə sonra aşağı düşərək üzərimə hücum etdi. Məni təhqir edərək nə üçün qazdan çox istifadə etdiyimi, borca görə qazın bağlandığını bildirdi. Borcun ödənildiyini və bir azdan qazın açılacağını dedim. Bundan sonra qardaşım yenə mübahisə edərək üzərimə hücum etdi.
Oğlum Aqil qardaşımın məni döyəcəyini düşündü və yaxınlaşaraq ona bir dəfə yumruq, bir dəfə də kəllə ilə zərbə vurdu. Dərhal onlara yaxınlaşdım və onları ayırdım. Oğlumun qolundan tutaraq onu həyətdən çıxardım. Çölə çıxarkən qardaşım arxamızca söyüşlər söydü, təhqir edərək oğlumu döyəcəyini və öldürəcəyini bildirdi. Qardaşımın sözlərinə qulaq asmadım, oradan uzaqlaşdım".
İş üzrə təqsirləndirilən Aqil ona verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, dayısını döydüyünə görə peşman olduğunu və onunla barışdığını deyib.
Zərərçəkmiş Ramil də bacısı oğlu ilə barışdığını təsdiqləyib. O, ifadəsində Aqilə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə Aqil barəsindəki cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli



