Braziliyanın Amazon meşələrində itkin düşən 74 yaşlı Altsheymer xəstəsi 11 gün davam edən axtarışlardan sonra sağ tapılıb. Yaşlı kişinin sıx meşəlik ərazidə qida və su taparaq sağ qalması diqqət çəkib.
Demokrat.az xəbər verir ki, Ferreira dos Santos adlı şəxs Braziliyanın keçilməsi çətin olan Amazon meşələrində yoxa çıxıb. Onun axtarışlarına yanğınsöndürənlər, park mühafizəçiləri və xilasedicilər cəlb olunub.
Axtarışların doqquzuncu günündə nəticə əldə olunmadığı üçün yanğınsöndürənlər əməliyyatı dayandırmaq qərarına gəliblər. Lakin yaşlı kişinin nəvəsi Sara Montes sosial şəbəkədə paylaşdığı video ilə səlahiyyətlilərə müraciət edərək axtarışların davam etdirilməsini istəyib.
Bu çağırışdan sonra intensivləşdirilən əməliyyat nəticəsində Ferreira dos Santos cümə günü itkin düşdüyü ərazidən təxminən 10 kilometr aralıda aşkarlanıb.
Məlum olub ki, keçmiş mədənçi olan yaşlı kişi meşədə sağ qalmaq üçün təbii imkanlardan istifadə edib. O, buriti palma ağacının meyvələri ilə qidalanıb, təbii su mənbələrindən su içib. Gecələr isə açaí palma ağacının yarpaqlarından özünə yataq düzəldib.
Meşədə aşkarlanan ayaq izləri onun günlərlə eyni ərazidə dairəvi hərəkət etdiyini göstərib.
Xilasedicilər sıx bitki örtüyü və çətin relyef səbəbindən hərəkətin olduqca mürəkkəb olduğu ərazidən yaşlı kişini ağac budaqlarından hazırlanmış xərək vasitəsilə çıxarıblar.
Ferreira dos Santos xəstəxanaya yerləşdirilib. Onun səhhətinin həkimlər tərəfindən nəzarətdə saxlanıldığı bildirilir.



