"Liverpul"un 18 yaşlı futbolçusu Rio Nqumoha "Mançester Yunayted" üzərində 4:0 hesablı qələbə qazanılan oyunda klub tarixinə düşüb. Gənc hücumçu Maykl Ouenin 28 il əvvəl müəyyənləşdirdiyi iki rekordu yeniləyib.
Demokrat.az xəbər verir ki, İngiltərə Premyer Liqasının bu qarşılaşmasında Nqumoha bir qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb.
18 yaş 85 günlük futbolçu bununla da "Liverpul"un tarixində "Mançester Yunayted"ə qarşı İngiltərə çempionatında qol vuran ən gənc oyunçu olub. O, 1998-ci ildə Maykl Ouenin müəyyənləşdirdiyi göstəricini geridə qoyub.
Bundan başqa, Nqumoha 1997-ci il dekabrın 26-dan bəri İngiltərənin yüksək liqasında bir oyunda həm qol, həm də məhsuldar ötürmə edən ən gənc "Liverpul" futbolçusu adına yiyələnib.
Gənc futbolçu əvvəlcə Florian Virtzin qoluna məhsuldar ötürmə verib, fasilədən sonra isə Bredli Barkolanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Qarşılaşmanın ilk hissəsində "Mançester Yunayted"in müdafiəçisi Leni Yoro Aleksandr İsakın qarşısını qayda pozuntusu ilə aldığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Oyundan sonra BBC-yə danışan Nqumoha qazandığı uğurlara baxmayaraq, əsas məqsədinin komandaya kömək etmək olduğunu bildirib.
"Bu rekordlar mənim üçün xüsusi əhəmiyyət daşıyır. Ancaq ən vacibi qol vurmaq, komandama kömək etmək və üç xal qazanmaqdır. Ümid edirəm ki, bundan sonra da daha çox qol vurub məhsuldar ötürmələr edəcəyəm", – deyə o bildirib.
Gənc futbolçu azarkeşləri sevindirməyi xoşladığını da vurğulayıb və uğurlarına baxmayaraq, təvazökar qalmağa çalışacağını söyləyib.



