Bəzi hallarda şəxslər avtomobili icarəyə götürərək idarə edir və hərəkət zamanı yol-nəqliyyat hadisəsi törədirlər. Belə qəzalarda təkcə sürücünün deyil, avtomobilin mülkiyyətçisinin də məsuliyyəti, eləcə də zərərçəkənə dəymiş ziyanın hansı qaydada ödənilməsi məsələsi diqqət çəkir. Xüsusilə, avtomobilin icarə müqaviləsi əsasında başqa şəxsə verildiyi hallarda hüquqi məsuliyyətin kimə aid olması müxtəlif şərtlərdən asılı ola bilər.
Belə hallarda hüquqi prosedur necə həyata keçirilir? Cəriməni və dəymiş zərəri kim ödəməlidir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən vəkil Elnur Məmmədov icarə müqaviləsi əsasında başqa şəxsə verilmiş avtomobillə qəza baş verdikdə məsuliyyətin kimin üzərinə düşməsinin icarə şərtlərindən asılı olduğunu deyib:

"Belə ki, ümumi qaydaya əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyəti avtomobili idarə edən sürücü daşıyır. Bu səbəbdən sürücünün törətdiyi qayda pozuntusuna görə cərimə həmin sürücüyə tətbiq edilir. Dəymiş maddi və fiziki zərərin ödənilməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən müəyyən edilir. Avtomobil icarə müqaviləsi ilə başqa şəxsin qanuni sahibliyinə və istifadəsinə verilmişdirsə, qəza nəticəsində yaranan zərərə görə, bir qayda olaraq, avtomobilin icarəçisi məsuliyyət daşıyır. Lakin avtomobilin qanunsuz istifadəyə verilməsi və ya digər hüquqi hallar məsuliyyət bölgüsünə təsir edə bilər".
Elnur Məmmədov əlavə edib ki, qəza baş verdikdə hadisə rəsmiləşdirilməli, təqsir və zərərin həcmi müəyyən olunmalı, sığorta şirkətinə məlumat verilməlidir:
"Zərər ilk növbədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çərçivəsində ödənilir. Sığorta ödənişi zərəri tam qarşılamadıqda, qalan məbləğ məsul şəxsdən məhkəmə qaydasında tələb edilə bilər. Göründüyü kimi, avtomobilin icarəyə verilməsi mülkiyyətçini bütün hallarda məsuliyyətdən azad etmədiyi kimi, onu avtomatik olaraq məsul şəxs də etmir. Həlledici məqam avtomobilin kimə və hansı hüquqi əsasla verilməsi, hadisə zamanı kimin qanuni sahib olması və qəzanın hansı şəraitdə baş verməsidir".



