YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı

Uşaqların qidalanmasında duz və kalsium balansı niyə vacibdir?

Uşaqların qidalanmasında duz və kalsium balansı niyə vacibdir?

Uşaqların gündəlik qidalanmasında duzun miqdarına və kalsium qəbuluna nəzarət etmək olduqca vacibdir. Mütəxəssislər bildirirlər ki, həddindən artıq duz istehlakı və kalsium çatışmazlığı uşaqların sağlamlığına, xüsusilə də sümük inkişafına mənfi təsir göstərə bilər.

Tokio Universitetinin Tibb fakültəsinin sosial və profilaktik epidemiologiya professoru Kentaro Murakaminin sözlərinə görə, Yaponiyada məktəb yaşlı uşaqların 97-100 faizinin gündəlik duz istehlakı tövsiyə olunan normanı aşır. Araşdırmalar həmçinin uşaqlar arasında kalsium çatışmazlığının geniş yayıldığını üzə çıxarıb. Yaş və cins qruplarına görə aparılan təhlillərdə kalsium ehtiyacını ödəyə bilməyən uşaqların göstəricisi 29-88 faiz arasında dəyişib.

Oxşar vəziyyət Türkiyədə də müşahidə olunur. Səhiyyə Nazirliyinin Qidalanma və Sağlamlıq Araşdırmasının nəticələrinə əsasən, ölkədə gündəlik adambaşına duz istehlakı 10,2 qram təşkil edir. Bu göstərici böyüklər üçün tövsiyə olunan gündəlik həddən təxminən iki dəfə çoxdur.

Mütəxəssislər uşaqların sağlam inkişafı üçün balanslı və müxtəlif qidalanmanın vacibliyini vurğulayırlar. Gündəlik menyuda zülal, karbohidrat, tərəvəz və süd məhsullarının yer alması, eyni zamanda duz istehlakının məhdudlaşdırılması tövsiyə edilir. Vitamin və minerallarla zəngin qidaların qəbulu da uşaqların inkişafında mühüm rol oynayır.

Yaponiyada sağlam qidalanma vərdişlərinin formalaşdırılması məktəblərdə də təşviq olunur. Şagirdlər yeməklərini özləri süfrəyə çəkir, sinif yoldaşları ilə birlikdə nahar edir və qida mədəniyyətinin əsaslarını öyrənirlər. "Şokuiku" adlanan bu maarifləndirici yanaşma uşaqlara erkən yaşlardan düzgün qidalanma vərdişlərinin aşılanmasını hədəfləyir.

Professor Kentaro Murakami isə qeyd edir ki, qidaları ayrı-ayrılıqda sağlam və ya zərərli kimi qiymətləndirmək düzgün deyil. Əsas diqqət insanın ümumi qidalanma rejiminə və gündəlik rasionun balansına yönəldilməlidir.

NE
Nihadə Eyyubova