Mətbəxdə yemək bişirərkən divar plitələrinə sıçrayan yağ ləkələrini təmizləmək üçün bahalı kimyəvi vasitələrə ehtiyac yoxdur. Mütəxəssislər səthin parlaqlığını qorumaq və cızıqların yaranmasının qarşısını almaq üçün ev şəraitində hazırlanan sadə məhluldan istifadə etməyi məsləhət görürlər.
Demokrat.az xəbər verir ki, keramist Coş Blankın sözlərinə görə, plitələrin üzərindəki yağ ləkələrini təmizləyərkən sərt kimyəvi maddələrdən və kobud təmizləyici vasitələrdən istifadə etmək düzgün deyil.
O bildirib ki, tavadan sıçrayan adi yağ ləkələrinin təmizlənməsi üçün dezinfeksiyaedici vasitələrə ehtiyac yoxdur. Əksər hallarda su və yuyucu vasitə ilə aparılan müntəzəm təmizlik kifayət edir. Həddindən artıq kimyəvi maddələr isə plitənin səthinə zərər verə bilər.
Mütəxəssis yağ ləkələrini aradan qaldırmaq üçün dörd əsas komponentdən ibarət məhlul hazırlamağı təklif edir. Bunun üçün 830 millilitr isti suya 60 millilitr ağ sirkə, 60 millilitr maye qab yuyucu vasitə və iki çay qaşığı natrium tetraborat (boraks) əlavə etmək lazımdır. İstəyə görə qarışığa xoş qoxu vermək üçün 20 damcı efir yağı da qatmaq mümkündür.
Hazırlanan məhlul püskürdücü qab vasitəsilə plitənin üzərinə çəkilir, daha sonra yumşaq parça və ya kağız dəsmalla silinir.
Coş Blankın sözlərinə görə, plitələrin üzərindəki şirli təbəqə quruluşuna görə şüşəyə bənzəyir. Buna görə də sərt süngərlər və metal qaşıyıcılar səthdə gözlə çətin görünən xırda cızıqlar yarada bilər. Zaman keçdikcə həmin nahiyələrdə kir toplanır və təmizlik daha da çətinləşir.
Təmizliyin asanlığı plitənin növündən də asılıdır. Parlaq və sıx səthli keramik plitələr, eləcə də keramoqranit yağdan daha rahat təmizlənir. Tutqun, məsaməli və relyefli materiallarda isə yağ ləkələri daha asan toplanır.
Mütəxəssis plitələr arasındakı tikişlərə də diqqət yetirməyi tövsiyə edir. Xüsusilə ağ rəngli tikiş dolğularında ləkələr daha tez nəzərə çarpır. Yağın bu hissələrə hopmasının qarşısını almaq üçün təmirdən sonra xüsusi qoruyucu hermetikdən istifadə etmək, proseduru isə ildə bir dəfə təkrarlamaq məsləhətdir.
Bununla yanaşı, mətbəxdə təmizliyi qorumaq üçün bir neçə sadə vərdişə əməl etmək kifayətdir: yemək bişirdikdən sonra plitələri dərhal nəm parça ilə silmək, yağ sıçramalarının qarşısını alan xüsusi qoruyucudan istifadə etmək və təzə ləkələrin qurumasına imkan verməmək.



