Bu gün hər evin süfrəsində rast gəlinən çəngəl vaxtilə Avropada mübahisəli məişət əşyalarından biri olub. Hətta əsrlər əvvəl bəzi din xadimləri onun istifadəsini günah, təkəbbür və dini dəyərlərə zidd davranış kimi qiymətləndiriblər.
Demokrat.az xəbər verir ki, orta əsrlərdə Avropada çəngəldən istifadə birmənalı qarşılanmayıb və cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub.
Çəngələ qarşı mənfi münasibətin əsas səbəblərindən biri dini inanclar olub. XI əsrdə Bizans əsilli zadəgan Mariya Arqiropul Venedikdə keçirilən ziyafətdə qızıldan hazırlanmış, iki dişli çəngəllə yemək yeyib. Bu hadisə bəzi din xadimlərinin narazılığına səbəb olub.
Onların fikrincə, Tanrı insanlara yemək yemək üçün barmaqlar verib. Buna görə də metal alətdən istifadə etmək ilahi nizama qarşı çıxmaq kimi qəbul edilib. Çəngəlin formasının şeytanın yabasına bənzədilməsi də bu münasibəti daha da gücləndirib.
Həmin dövrdə əllə yemək sadəliyin və təvazökarlığın göstəricisi sayılırdı. Çəngəldən istifadə isə əsasən varlı təbəqənin dəbdəbə və fərqlənmək istəyinin əlaməti kimi qəbul edilirdi.
Zaman keçdikcə çəngəl Avropa zadəganları arasında yayılmağa başlayıb. 1533-cü ildə İtaliya əsilli Katerina Mediçinin Fransa kralı II Henrixlə evlənməsindən sonra çəngəldən istifadə Fransa sarayında da geniş yayılıb.
Bununla belə, yeni süfrə alətinin cəmiyyətdə qəbul olunması asan olmayıb. İngiltərədə və Amerikada bəzi kişilər çəngəldən istifadəni lazımsız hesab edib, hətta bunu kişiyə yaraşmayan davranış kimi qiymətləndiriblər.
XVII əsrin sonlarından etibarən çəngəldən istifadə getdikcə genişlənib. XIX əsrdə sənaye istehsalının inkişafı və süfrə dəstlərinin ucuzlaşması bu alətin daha geniş əhali təbəqələri arasında yayılmasına şərait yaradıb.
Beləliklə, bir vaxtlar günah və dəbdəbə rəmzi hesab edilən çəngəl əsrlər ərzində gündəlik həyatın adi əşyasına çevrilərək süfrə mədəniyyətinin ayrılmaz hissəsi olub.



