"Ermənistanda qəbul edilən siyasi qərarın hüquqi baxımdan möhkəmləndirilməsi üçün referendumda əhali səs verməlidir. Yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiasının çıxarılması hazırda siyasi hakimiyyətin mövqeyidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Millət vəkili qeyd edib ki, bunun xalq tərəfindən dəstəklənməsi Ermənistan cəmiyyətinin sülhə hazır olub-olmacağının göstəricisi olacaq:
"Əgər yeni konstitusiya layihəsi referendumda xalqın təqdirini qazanarsa, deməli, Ermənistan xalqı sülh arzulayır. Əks halda, bu, sülhə qarşı mövqenin göstəricisi olacaq.
Mənə elə gəlir ki, referendum Ermənistan əhalisinin sülhə münasibətini və ölkənin bundan sonra hansı istiqamətdə davranacağını göstərən əsas amillərdən biri olacaq. İlk baxışdan referendum hər hansı məsələ ilə bağlı hər bir ölkənin daxili işi hesab olunur. Lakin referendumda müzakirəyə çıxarılan məsələ Azərbaycanla əlaqəli olduqda, şübhəsiz ki, bizim də maraqlarımıza toxunur.
Onun sözlərinə görə, Ermənistanın hazırda qüvvədə olan Konstitusiyasının preambulasında 1989-cu ildə Ermənistan SSR Ali Sovetinin Azərbaycanın ərazisinin bir hissəsini, yəni Qarabağı Ermənistana birləşdirməsi ilə bağlı qərarına istinad var:
"Məsələ də məhz bundan ibarətdir. Ona görə də bu, bizi narahat edir və Ermənistanın sırf daxili məsələsi kimi qiymətləndirilə bilməz.
Ümid edək ki, Ermənistan cəmiyyəti sülh mövqeyindən çıxış edəcək və sülhə səs verəcək. Yəni yeni konstitusiya layihəsini qəbul edəcək".



