Bəzi hallarda işçilər şəxsi istəkləri ilə işdən ayrılmaq qərarı verir, lakin bu zaman əmək hüquqlarını və işəgötürən qarşısındakı öhdəliklərini tam bilmirlər.
Bəs işdən çıxmaq istəyən əməkdaş hansı hüquqlarını bilməli, işəgötürənlə hesablaşma zamanı nələrə diqqət etməlidir?
Demokrat.az-a bu barədə danışan Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək istəyən işçi, bir qayda olaraq, işəgötürəni bir ay əvvəl yazılı şəkildə məlumatlandırmalıdır.

Onun sözlərinə görə, qanunvericilikdə bu müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsinə imkan yaradan hallar da nəzərdə tutulub:
"Məsələn, işçi təhsilini davam etdirmək, başqa inzibati əraziyə və ya xarici ölkəyə köçmək istədikdə, eləcə də iş yerində seksual qısnamaya məruz qaldıqda əmək müqaviləsinə dərhal xitam verilməsini tələb edə bilər. Bununla yanaşı, əmək müqaviləsinə tərəflərin təşəbbüsü və ya iradəsindən asılı olmayan hallarla xitam verildikdə həm işçinin, həm də işəgötürənin müəyyən öhdəlikləri yaranır. İşəgötürən əmək müqaviləsinə xitam verilərkən qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq müavinəti ödəməli, işçinin əməkhaqqı üzrə qalan borcunu bağlamalı, həmçinin istifadə edilməmiş əsas və əlavə məzuniyyət günlərinə görə kompensasiya verməlidir.
Bununla yanaşı, xitam əmri hazırlanmalı və zəruri sənədləşmə işləri həyata keçirilməlidir. İşçinin də işəgötürən qarşısında müəyyən öhdəlikləri ola bilər. Məsələn, onun müəssisəyə maddi ziyan vurması və ya tam maddi məsuliyyət müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində borcu yarana bilər. Belə hallarda həmin borcun qanunvericiliyə uyğun qaydada ödənilməsi tələb olunur. Digər tərəfdən, işçi əmək müqaviləsinə xitam verilməsi üçün qanunda nəzərdə tutulan xüsusi əsaslardan istifadə etmirsə, bir aylıq xəbərdarlıq müddətinə əməl etməlidir. Bu müddət işəgötürənə işçinin yerinə yeni əməkdaş tapmaq və iş prosesinin davamlılığını təmin etmək imkanı yaradır.
Ümumilikdə, əmək münasibətlərinə xitam verilərkən hər iki tərəfin hüquq və öhdəlikləri əmək qanunvericiliyi və əmək müqaviləsinin şərtləri əsasında tənzimlənir".



