Malayziyada hökumət rəsmilərindən biri hava limanında baş verən bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Demokrat.az xəbər verir ki, Sabah ştatının kənd təsərrüfatı, balıqçılıq və qida sənayesi naziri Camavi Caafar Kuala-Lumpur Beynəlxalq Hava Limanında sürüşərək yıxılıb.
"The Star" nəşrinin məlumatına görə, hadisə noyabrın 23-də səhər saatlarında VIP sərnişinlər üçün nəzərdə tutulan gözləmə zonasındakı tualetdə baş verib. Yaş döşəmədə müvazinətini itirən nazir başından xəsarət alıb.
Hava limanının tibbi heyəti dərhal hadisə yerinə gələrək ona ilkin yardım göstərib. Nazirin başındakı yaraya tikiş qoyulub.
Camavi Caafar hadisədən sonra hava limanının operatoru "Malaysia Airports Holdings Bhd" şirkətinə bir sıra təkliflər ünvanlayıb. O, tualetlərdə sürüşmə riskinin azaldılmasını, yaxınlıqdakı klinikaya təcili müraciət imkanlarının yaradılmasını və hava limanı əməkdaşlarına ilkin tibbi yardım üzrə təlimlərin keçirilməsini istəyib.
Hava limanının operatoru isə hadisə yerində araşdırma aparıldığını və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.



